Xarici investorların Azərbaycanın qiymətli kağızlar bazarına cəlb edilməsi və bunun üçün lazımi mexanizmlərin yaradılması ilə bağlı işlər aparılır. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu işləri dəstəkləyir. FED.az xəbər verir ki, bu barədə Maliyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İnfrastruktur Nəzarət idarəsinin rəhbəri Ruslan Babayev Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, Milli Depozit Mərkəzinin qarşısında xarici investorların yerli bazarlara təşviq edilməsi və bu imkanların genişləndirilməsi vəzifəsi qoyulub. Bu məqsədlə Palata tərəfindən Avropada fəaliyyət göstərən depozitar mərkəzlərlə əlaqələr qurulub. Eyni zamanda MDM-ə bununla bağlı tövsiyyələr verilib.
Bu yenilik, xarici investorların birbaşa Azərbaycanın qiymətli kağızlar bazarına çıxmasına və bu bazara yatırım etməsinə imkan verəcək. Qeyd edək ki, hazırda belə sistem mövcud deyil.
Hələlik xaricilər Azərbaycanda yalnız bir qiyməli kağıza – SOCAR istiqrazlarına vəsait yatırırlar. Son məlumatlara görə, Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan və Ukrayna vətəndaşları SOCAR İstiqrazları alıblar. Onlar bunu etmək üçün Azərbaycana gələrək yerli bankda dollar hesabı açıblar. Yeni sistemin qurulması isə xarici vətəndaşların ölkəyə gəlmədən bazara investisiya etməsinə imkan verəcək.
Xarici investorların Azərbaycanın fond bazarına yolu açılır
19:06
21 Dek 2017