Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə REPO əməliyyatı həyata keçirilib. FED.az xəbər verir ki, SOCAR İstiqrazlarının marketmeykeri «PSG Kapital» şirkətinin məlumatına görə, bu Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına start veriləndən sonra həyata keçirilən ilk REPO əməliyyatıdır.
Bakı Fond Birjasında (BFB) həyata keçirilən REPO əməliyyatı nəticəsində SOCAR İstiqrazının sahibi olan şəxs 1,5 milyon dollar vəsait cəlb edib. Vəsait 7 gün müddətinə, illik 3,5% dərəcəsi ilə cəlb edilib.
Xatırladaq ki, SOCAR İstiqrazları ilə müntəzəm REPO əməliyyatlarına noyabrın əvvəlindən start verilib. SOCAR İstiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər REPO əməliyyatlarından istifadə edərək qısa müddətli kreditlər əldə edə bilərlər.
Bir qayda olaraq REPO əməliyyatı bir neçə gün davam edir. SOCAR İstiqrazları ilə REPO əməliyyatları ilkin olaraq 3 və 7 günlük nəzərdə tutulub. Yəni istiqraz sahibləri REPO əməliyyatlarından istifadə etməklə 3 və 7 günlük müddətlərdə illik 3,5-3,75%-lə qısa müddətli kreditlər ala (vəsaitlər cəlb edə) biləcəklər.
İlkin olaraq gündəlik 2 milyon dollarlıq REPO «pəncərəsi» açılıb. Bu vəsaitin 1 milyon dolları 3 günlük, 1 milyon dolar isə 7 günlük əməliyyatlar üçün nəzərdə tutulub.
Amma müştərilərin ehtiyaclarından asılı olaraq həm REPO üçün vəsaitlərin həcmi, həm də REPO əməliyyatının müddəti dəyişə və üç ayadək uzadıla bilər.
REPO əməliyyatlarında istənilən SOCAR İstiqrazı sahibi iştirak edə bilər. Onlar malik olduqları istiqrazları girov qoymaqla həmin istiqrazların dəyərinin 95%-i həcmində kredit götürə bilərlər. Bu əməliyyatlar xüsusilə ani likvidliyə ehtiyac yaranan hüquqi şəxslər, bank və sığorta şirkətləri üçün faydalı olacaq.
SOCAR İstiqrazları girov qoyularaq – İLK KREDİT GÖTÜRÜLDÜ
15:22
1 Dek 2017