“Azərbaycan Sənaye Bankı” ASC cari ilin üçüncü rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin faiz gəlirləri 35,4 milyon manat, faiz xərcləri 19,8 milyon manat olub.
Faiz gəlirlərinin 21,1 milyon manatı verilmiş kreditlərdən faiz gəlirləri, 14 milyon manatı digər banklardakı depozitlərdən faiz gəlirləri üzrə olub.
Faiz xərclərinin 12,2 milyon manatı bankdakı depozitlər üzrə ödənilmiş faizlər, 6,1 milyon manatı ASB bankda başqa bankların depozitləri üzrə faiz xərcləri olub. Bundan başqa, beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri üzrə 608 min manat, bank tərəfindən alınmış ipoteka kreditləri üzrə 736 min manat faizlər ödənilib.
Yekunda bankın xalis faiz gəliri 15,6 milyon manata bərabər olub.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 12,7 milyon manat olmaqla, illik müqayisədə təqribən 1 milyon manat (8,5%), qeyri-faiz xərcləri 21,4 milyon manat olmaqla, illik müqayisədə 2,4 milyon manat (12,5%) artıb.
2026-cı ilin ilk 9 ayında ASB bankın qeyri-faiz gəlirlərində hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri 1,947 milyon manata bərabər olub ki, bu da, illik müqayisədə 528 min manat, yaxud 21,3% azdır. Məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir 2,5 milyon manata, digər xidmətlərdən komisyon gəliri 8,2 milyon manata bərabər olub.
ASB Bankın qeyri-faiz xərclərinin kiçik hissəsi əmək haqlarına xərclənir. Belə ki, qeyri-faiz xərclərində əmək haqqı xərcləri cəmi 5,8 milyon manat, icarə haqları 580 min manat təşkil edib. Əvəzində bank göstərlimiş xidmətlər üzrə haqq və komissiya xərclərinə 10,8 milyon manat ödəyib.
Yekunda şirkətin əməliyyat mənfəəti 218 min manat və ya 3,1% azalaraq 6 milyon 794 min manat təşkil edib. Bunun üzərinə bankın yaratdığı ehtiyüatlardan geri çəkilən 90 min manatda əlavə olunub.
Nəticədə “Azərbaycan Sənaye Bankı” ASC-nin vergidən əvvəlki mənfəəti 6 milyon 884 min manat olub. Bundan 1 milyon 456 min manat mənfəət vergisi ödəyəndən sonra xalis mənfəət 5 milyon 427 min manat təşkil edib.
Hesabat dövrünün sonuna “Azərbaycan Sənaye Bankı” ASC-nin aktivləri 855,5 milyon manata bərabər olub. Bu rəqəm ötən ilin sonuna nəzərən 29,4 milyon manat (3,6%) artıb.
“Azərbaycan Sənaye Bankı” ASC ölkədə yeganə bankdır ki, onun aktivlərində kredit portfeli əsas paya malik deyil. Belə ki, 855 milyon manat aktivin cəmi 394,7 milyon manatdır.
“Azərbaycan Sənaye Bankı” pullarının əsas hisəsini kreditə verməkdənsə, başqa banklarda depozitə yatırmağa üstünlük verir – 413,3 milyon manat. Bundan başqa, ASB-nin Mərkəzi Bankda müxbir hesabda 13,6 milyon manat vəsaiti var.
Hesabat dövrünün sonunda bankın öhdəlikləri 721,8 milyon manat olub.
Bankdakı depozitlərin həcmi 511,4 milyon manat təşkil edib. Depozitlərin tərkibində də dəyişiklik var. Belə ki, ASB bankda fiziki şəxslərin tələbli depozitləri ilin əvvəlindən 6 dəfə azalaraq 106 milyon manatdan 16,7 milyon manata enib.
Dövrün sonuna bankda fiziki şəxslərin müddətli depozitlərinin həcmi 285,7 milyon manat, hüquqi şəxslərin tələbli depozitləri 61,5 milyon manat, hüquqi şəxslərin müddətli depozitləri isə 147,6 milyon manat olub.
Bundan başqa, ASB Bankda başqa bankların və digər maliyyə qurumlarının 132 milyon manat depoziti saxlanılır. Eyni zamanda ASB başqa banklardan 13,7 milyon manat, digər qurumlardan 48 milyon manat kredit alıb.
3-cü rübün sonuna “Azərbaycan Sənaye Bankı”nın cəmi kapitalı 133,7 milyon manat olub. Bu rəqəmin 60 milyon manatı nizamnamə kapitalının, 68 milyon manatı bölüşdürülməmiş mənfəətin, 5,7 milyon manat isə ümumi ehtiyatların payına düşüb.






![“Azərbaycan Sənaye Bankı”nda əmanətlər azalıb – [red]Əməliyyat mənfəəti aşağı düşdü - HESABAT[/red] | FED.az](/upload/news/small/3450778.jpg)
![“Azərbaycan Sənaye Bankı”nda əmanətlər azalıb – [red]Əməliyyat mənfəəti aşağı düşdü - HESABAT[/red] | FED.az](/upload/news/small/2012334.jpeg)
![“Azərbaycan Sənaye Bankı”nda əmanətlər azalıb – [red]Əməliyyat mənfəəti aşağı düşdü - HESABAT[/red] | FED.az](/upload/news/small/1385994.jpeg)









