Son 3 ildə "MDB+" ölkələrinin bankları xaricdəki maliyyə institutları daxil olmaqla, müxtəlif maliyyə qurumlarını fəal şəkildə almağa davam edib.
ABB ilə “Davr Bank” arasında əqd prosesi - TAMAMLANDI!
FED.az xəbər verir ki, bu barədə agentliyin analitiki Artyom Beketov tərəfindən hazırlanmış "Fitch Ratings"in "What Drives M&A Among CIS+ Banks?" adlı araşdırmasında bildirilib.
Qeyd edilib ki, buna səbəb daxili bazarlarda inkişaf üçün məhdud imkanlar və yüksək gəlirlilik sayəsində toplanmış maliyyə resurslarının onları yeni bazarlara çıxmağa stimullaşdırmasıdır.
Araşdırmaya əsasən, 2024-cü ilin əvvəlindən "Fitch" reytinqlərinə malik "MDB+" regionunun bankları 8 birləşmə və satın alma əqdi bağlayıblar. Onların arasında Azərbaycanın "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) tərəfindən Özbəkistanın "Davr Bank"ının nəzarət səhm zərfinin alınması da var.
Bu ilin avqustunda xarici valyutada "BB+" səviyyəli stabil proqnozlu uzunmüddətli emitent reytinqinə malik ABB "Davr Bank"ın səhmlərinin 51 %-ni almaq barədə razılığa gəlib. "Fitch"in qiymətləndirməsinə görə, alınan bankın aktivləri ABB-nin ümumi aktivlərinin təxminən 12 %-ni təşkil edir.
Qeyd edilib ki, 2022-2025-ci illərdə region banklarının yüksək gəlirliliyini sürətli iqtisadi artım və yüksək faiz dərəcələri dəstəkləyib. Azərbaycanda bu dövr ərzində bankların orta kapital rentabelliyi (ROE) 17 % təşkil edib. Qazaxıstanda bu göstərici 32 %-ə, Ermənistanda 25 %-ə, Gürcüstanda isə 24 %-ə çatıb.
Bu ilin I rübünün sonuna olan vəziyyətə görə, Azərbaycanın bank sektorunun birinci dərəcəli (Tier 1) kapitalının adekvatlığı 14 % təşkil edib. Qazaxıstanda bu göstərici 21 %-ə, Gürcüstanda 20 %-ə, Ermənistanda isə 18 %-ə çatıb.
"Fitch" analitikinin sözlərinə görə, yüksək gəlirlilik banklara həm ölkələrində, həm də xaricdə digər maliyyə institutlarının alınmasını maliyyələşdirməyə imkan verən əhəmiyyətli kapital və likvidlik ehtiyatları formalaşdırmağa şərait yaradıb.
Bununla yanaşı, bir qayda olaraq, alınan bankın aktivləri alıcının aktivlərinin 30 %-dən çox olmur. Buna görə də belə əqdlər bankların konsolidasiya olunmuş maliyyə dayanıqlığı göstəricilərinə mülayim təsir göstərir və onların reytinqlərinin dəyişməsinə gətirib çıxarmır.
Xatırladaq ki, bu il avqustun 23-ü Daşkənddə "Azərbaycan Beynəlxalq Bankı" ASC "Davr Bank"ın nəzarət səhm paketinin (51 %) əldə edilməsinə dair müqavilə imzalayıb.
Sentyabrın 10-da Daşkənd Respublika Fond Birjasında altı ticarət əməliyyatı çərçivəsində ABB hər birinin qiyməti 32 281,28 sum (2,74 ABŞ dolları) olan 51 milyon adi səhm əldə edib. Beləliklə, ABB Özbəkistan bankının səhmləri üçün 1,65 trilyon sum və ya təxminən 140 milyon ABŞ dolları ödəyib. Sövdələşmənin qiymətindən çıxış edərək, "Davr Bank"ın kapitalının ümumi dəyəri təxminən 3,23 trilyon sum (təqribən 280 milyon ABŞ dolları) olaraq qiymətləndirilir.
"Davr Bank" Özbəkistanda 2001-ci ilin sentyabrından fəaliyyət göstərir. (report)















