Qızılla dolu vitrinlər, tək-tük alıcılar və müştəri gözləməkdan darıxan yuxulu satıcılar. 6-cı gün olmasına baxmayaraq Bakının ən böyük qızıl mərkəzi sayılan Mərkəzi Univermaqdakı qızıl mərtəbəsi demək olar ki, boş idi. Qızılın qiymətinin artması onun satışına fərqli təsir etmişdi.
Dünya siyasətində və iqtisadiyyatında baş verən proseslər və onun nəticəsində qızılın qiymətinin son dövrlər sürətlə dəyişməsi təkcə birjalarda hiss olunmur.
FED.az biznes və maliyyə xəbləri portalı xəbər verir ki, Azərbaycanda qızıl birjası olmasa da, birjalarda baş verənlərin əks sədası özünü ilk növbədə qızıl mağazalarında və alıcıların davranışlarında göstərir.

Bakının ən çox qızıl satılan ərazisi – Mərkəzi Univermaq və onun ətrafındakı qızıl mağazaları dünya bazarındakı qiymət dəyişmələrinə anındaca reaksiya verir. Son aylar qızılın rekord bahalaşması müşahidə olunsa da, cəmi 2 gün əvvəl qiymətlərin düşməsi Bakıda da qiyməti aşağı salıb. Rekord artımdan sonra qızılın qiymətinin ucuzlaşması da özü ilə birgə qiymətlərdə ucuzlaşma gətirib.
FED.az biznes və maliyyə xəbərləri portalı ölkənin ən qədim qızıl satılan mağazlarından olan və yaxın günlərdə 65 yaşını qeyd edəcək Mərkəzi Univermağın qızıl şöbələrini dolaşıb.

Yeri gəlmişkən 1960-cı illərdə, daha dəqiqi 1961-ci ildə sovet iqtisadiyyatının və zəhmətkeşlərin rifahının simvolu kimi işə düşən Mərkəzi Univermaq bu il 65 illiyini qeyd edir. Ölkənin indiyədək ən sabit və davamlı ticarət obyekti statusunu qoruyub saxlayan Mərkəzi Univermaq uzunmüddətli transformasiyadan sonra hazırda ölkənin əsas qızıl mərkəzinə çevrilib. Hazırda mərkəzdəki ticarət sahələrinin 60-70%-i qızıl satışı fəaliyyətinə aiddir.
Amma qiymətlərdəki dəyişiklik buradakı satışlara da təsir edib. Satıcılar bildirirlər ki, son bir il ərzində qızılın belə sürətli dəyişməsi onları da təəccübləndirib. Səbrlə müştəri gözləyən zərgər Natiq Abdullayev bildirir ki, birjalarda qızıl qiymətlərinin tez-tez ilə onlar da qiymətləri dəyişirlər: «Dünya birjalarında qızılın qiyməti tez-tez dəyişir, buna görə də satıcılar da ehtiyat edir, bir günün içində qızıl bahalaşa və ya ucuzlaşa bilər».

N.Abdullayevin sözlərinə görə, bahalaşma bütün qızıllara təsir edib: «Ötən il 585 əyarlıq Türkiyə qızılından olan 5 qramlıq üzüyü 775 manat almaq olurdu, indi bu qiyməti 1 000 manat təşkil edir: 583 əyar rus qızılından hazırlanmış və ötən il 1 450 manat olan boyunbağı indi 1 800 manata satılır. 750 əyar İtaliya qızılından olan sırğa ötən ilki 1 290 manat əvəzinə 1960 dollara qalxıb».

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son günlər qızılın bir qədər ucuzlaşması öüzün dərhal qızıl mağazalarında da göstərib: «2-3 gün əvvəl Türkiyə qızılının qramı 225-230 manata satılırdısa indi 210 manata düşüb. İtalyan qızılı isə bir gündə 290 manatdan 260 manata endi».
Mərkəzi Univermaqda qızıl ticarəti bir tərəfli deyil, qızıl satıcıları qiymətli metalın alışı ilə də məşğuldurlar. Qiymətin oynaması burda da özünü göstərir: «İtaliya qızılının alış qiyməti 192-193 manat, Türkiyə qızılının alış qiyməti isə 150 manat təşkil edir. Məsələn, bir neçə gün əvvəl 5 qramlıq 14 əyyar türk qızılının alış qiyməti 840 manat idisə, bir-iki gün fərqlə bu qiymət 750 manata düşüb».
Natiq Abdullayev FED.az-a bildirir ki, qızılın bahalaşması onun satışını azaldıb: «Əvvəlki kimi qızıl alan yoxdur. Baha olduğu üçün çox adam öz büdcəsinə uyğun qızıl tama bilmir, alanlar isə daha az alır. Toyların azalması da satışa təsir edir”.

Qızıl satıcısı Nigar Quliyeva deyir ki, indi bazarda əsas tələbat Türk qızılınadır, rus və İtalyan qızılları da əças mallardan sayılır: «585 əyyar Türkiyə qızılının alış qiyməti 150 manat, satışı 210-215 manatdır. 583 əyyar Rusiya qızılını 145 manata alıb 195-200 manata satırıq. Ən bahalısı 750 əyyar İtaliya qızılıdır – 170 manat alış, 295-300 manata satış qiyməti var».
Satıcıların müqayisəsi son bir ildə qiymətlərin necə artdığını aydın göstərir. Belə ki, bir il əvvəl mağazada Türkiyə qızılı 135 manata, İtaliya qızılı 170-175 manata satılırdı.
Satıcı qadın deyir ki, bahalaşma olsa da, onun xeyrini görmək olmur, çünki alıcı yoxdur, olanlar da qiyməti eşidib uzaqlaşırlar: «Qızıl alan yoxdur, müştəri gəlib qızıla baxır, qiyməti eşidəndə şok olurlar. Toy edənlər də demək olar qızıl almır. Çünki onlar əsasən 750 əyyar briliant qaşlı qızıl alırdılar, indi bunları da alan yoxdu. Ümumi götürsək alıcıların 1-2%-i belə qızıl alır».

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qızılın bahalaşması yeni ailə quranlar üçün qızıl xərcini də ikiqat artırıb. Belə ki, bir il əvvəl toy edənlər orta səviyyədə qızıl almaq üçün 5 min manat xərcləyirdisə, indi bu qiymət iki dəfədən çox bahalaşıb: «Hazırda 5 min manata normal qızıl almaq mümkün deyil. Eyni qızılı bu il almaq üçün 8-10 min manat pul lazımdır».
Amma bahalaşmanın təsir etmədiyi alıcılar da var, bunlar qızılı toy-nişan və ya bəzək üçün deyil, yatırım, alıb saxlamaq üçün alırlar. Mərkəzin digər tərəfində çalışan satıcı Əhməd Hüseynov FED.az-a bildirib ki, qızılın bahalaşması belə alıcılara təsir etməyib: “Qızılın qiymətinin qalxması investisiya üçün qızıl alışına demək olar ki, təsir etmir. Çünki qızıl tarix boyu qiymətini saxladığına, hətta getdikcə bahalaşdığına görə, əlində pulu olanlar çəkinmədən investisiya edə bilirlər».
Üstəlik, adi alıcılardan fərqli olaraq qızılı yatırım məqsədilə alanlar birja ilə maraqlanır və ajiotaja uymurlar: «Qızıla investisiya etmək istəyənlər birja ilə maraqlanır, qiymətlərin baha olduğu vaxt risk edib qızıl almırlar. Çünki bəzən qiymətlər süni artırılır, məsələn bir gecədə bir unsiyanın 400 dollar bahalaşması (yəni 1 qramın 13 dollar bahalaşması – FED.az) heç vaxt görünməyib. Çünki qızıl həmişə tədricən - 3-5 manat olmaqla bahalaşıb».

Qızılın hansı məqsədlə alınması onun çeşidinə də təsir edir.
Belə ki, toy edənlər zövqdən asılı olaraq zinət əşyaları, qaşlı dəstlər və sair alırlar: «Kimin imkanı nəyə çatırsa, onu alır, qızıl dəstlərin qiyməti 3 min manatdan başlayaraq 20 min manata qədər dəyişir. Hazırda toy üçün alınan dəstlərin orta qiyməti 5 min manatdır, ötən il isə bu qiymət 3 min manat idi, yəni orta dəst bir ildə təxminən 2 min manat bahalaşıb.
Ümumiyyətlə, qiymətlə bağlı qızılın alışında azalma müşahidə olunur: «Çünki keçən il 5 qramlıq qızıla 500 manat xərclənirdisə, bu il 5 qramlıq qızıla min manat xərclənir».
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qızılı investisiya kimi alanların isə yalnız qızıla – yəni daşsız məhsullara və çəkisi ağır olan qızıllara üstünlük verirlər. Belə məqsəd üçün alanda qiymət daha ucuz olur: “Ağır çəki ilə yüngül çəki arasında qiymət fərqi olur, alıcı kiçik əşya alırsa, məsələn Rusiya qızılının qramına 220 manat ödəyəcək, ağır məhsullar alanda isə həmin qızılın qiyməti 175-180 manata düşəcək. Çünki investisiya üçün almaq istəyən şəxslər daha çox ağır məhsullara üstünlük verməlidir ki, gələcəkdə satanda da qazanc əldə etsin”.

Ə.Hüseynov bildirir ki, ümumilikdə ötən illə müqayisədə qızılın alış (yəni «lom») qiyməti də azı 2 dəfə bahalaşıb. «Məsələn ötən ilin avqust ayında 583-585 əyar qızılın «lom» qiyməti 70 manat idisə, bu gün qiymət 175 manatdır. 750 əyar qızılın «lom» qiyməti isə 90 manatdan 180-185 manata yüksəlib».
Digər alıcılar da bildirir ki, bahalaşma daha çox toy edənlərin və qızılı hədiyyə kimi alanların büdcələrinə təsmir edib. Belə ki, bir il əvvəl 585 əyar Türkiyə qızılından olan 7 qramlıq qadın sırğası 630 manat idisə, indi bu qiymət 1 470 manata yüksəlib – artım 2 dəfədən çoxdur. 583 əyar Rusiya qızılından kişi üzüyü 400 manat idisə, indi həmin üzük 875 manata təklif edilir. 750 əyyar İtaliya qızılında 10 qramlıq qadın boyunbağısı 1 300-1 400 manatdan 2 400–2800 manata qalxıb.

Digər qızıl mağazasında fəaliyyət göstərən zərgər Arif Əliyev qızılın qiyməti bahalaşandan sonra əsas tələbatın Türkiyə və Rusiya qızılına olduğunu deyir:
«Qiymətlər qalxandan sonra 583 əyyar Rusiya qızılına və 585 əyyar Türkiyə qızılına tələbat daha çoxdur. Çünki bu qızılların maya qiyməti nisbətən ucuz başa gəlir. Qiymətlər ucuz olanda isə modellərə görə, İtaliya qızıllarına daha çox üstünlük verirdilər. Çünki modellər daha çox, çeşidlər müxtəlif idi. Ümumiyyətlə, qızılın qiymətinin qalxması bütün qızılların alışına çox pis təsir edib».





















