"Son 5 illik dövrdə region ölkələri ilə ümumi ticarət dövriyyəsi iki dəfədən çox artıb. Amma bununla yanaşı ticarətə mane olan amillər də qalmaqdadır.
Səməd Bəşirli: "Azərbaycan ilə TDT ölkələri arasında ticarət dövriyyəsinin həcmi 7 milyard dolları keçib"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “Regional Əlaqə üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tənzimləmə fərqləri, ticarətin maliyyələşdirilməsinə çıxışın məhdud olması, maliyyə institutları daxilindəki potensial məhdudiyyətləri və ticarətin asanlaşdırılmasındakı boşluqlar regionda ticarətə mənfi təsir göstərməkdə davam edir.
Son dövrlər dünyada və regionda baş verən hadisələr də ticarətə mane olur.
"Bir çox ənənəvi ticarət yollarının geosiyasi qeyri-müəyyənliklər, sanksiyalarla bağlı məhdudiyyətlər və ya əməliyyat kəsintiləri ilə üzləşdiyi bir dövrdə, Azərbaycan açıq, etibarlı və beynəlxalq səviyyədə inteqrasiya olunmuş bir tərəfdaş olaraq qalır.
Bizim proqnozlaşdırıla bilən iqtisadi siyasətə sadiqliyimiz, beynəlxalq ticarət qaydalarına riayət etməyimiz və qlobal maliyyə institutları ilə fəal tərəfdaşlığımız ölkəmizi regional ticarət və investisiyalar üçün etibarlı bir platformaya çevirib", - deyə o, əlavə edib.















