"Rabitəbank" ASC-nin İdarə Heyətinin Sədri Aydın Hüseynov islam maliyyə alətlərindən olan "Murabaha"nın satışının başlanğıcda çətin olduğunu, amma daha sonra Bankın buna nail olduğunu bildirib.
Bank sədri: "Rabitəbank” 2 islam maliyyə məhsulu təqdim edən yeganə bankdır"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Aydın Hüseynov bu barədə Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “Regional Əlaqə üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı tədbirdə məlumat verib.
Aydın Hüseynov islam məhsullarının bazara gətirilməsi prosesindən də danışıb:
"2023-cü ildə biz İslam İnkişaf Bankı və onun törəmə müəssisələri ilə işləməyə başladıq. 2023-cü ildə Ciddə şəhərində ITFC ilə ilk müqaviləmizi imzaladıq. Müqavilənin həcmi, müqavilənin məbləği 10 milyon ABŞ dolları idi. Daha sonra növbəti ildə, yəni 2024-cü ildə, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə digər bir müqavilə imzaladıq.
Bu müqavilələrin hər ikisini imzaladıqdan sonra, bankımızda İslam məhsullarını inkişaf etdirməyə və ölkəmizdə "Murabaha" məhsulunu təşviq etməyə başladıq. Başlanğıcda bunu satmaq, təşviq etmək çox çətin idi, lakin bir neçə aydan sonra biz buna nail olduq və bəzi uğurlu nəticələr əldə etdik".















