"Azərbaycanda sukuk (İslam maliyyəsinin istiqrazı / qiymətli kağız - red FED.az) alətinin tətbiqi üçün əlverişli mühitin yaradılması məqsədilə İslam İnkişaf Bankı (İİB) ilə birgə davam edən layihəmiz var. Gözləyirik ki, bu layihə güclü hüquqi və tənzimləyici bazanın yaradılmasına, maliyyə institutlarının İslam maliyyəsi sahəsində potensialının artırılmasına, monitorinq və qiymətləndirmə sisteminin qurulmasına və nəticədə maliyyə sektorunun daha da şaxələndirilməsinə xidmət edərək Azərbaycanın ilk sukukunun emissiyasına şərait yaradacaqdır".
Mərkəzi Bank “Sukuk”un tətbiqi üçün hüquqi baza üzərində işləyir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində keçirilən “İslami Maliyyə üzrə 20-ci IsDB Qlobal Forumu - İslami Maliyyəsi vasitəsilə Dayanıqlı Rifahın Əldə Edilməsi” adlı tədbirdə çıxışı zamanı deyib.
"Biz İslam maliyyəsini maliyyə arxitekturamıza daxil etməkdə qərarlıyıq və islahatlarımızın maliyyə bazarlarını dərinləşdirəcəyini, xarici investisiyaları cəlb edəcəyini gözləyirik. Regionlar arasında birləşdirici maliyyə dili rolunu oynayan İslam maliyyəsi transsərhəd investisiyaları və özəl sektorun böyüməsini stimullaşdırır və Azərbaycan bu vizyona töhfə verməyə hazırdır", - deyə sədr bildirib.
Taleh Kazımov qeyd edib ki, maliyyə sektorunu inkişaf etdirərkən biz həm də bir suala cavab tapmalıyıq:
"Biz hansı növ iqtisadiyyatı maliyyələşdiririk? Azərbaycan Respublikası ESG (Ekoloji, Sosial və Korporativ İdarəetmə) faktorlarını öz milli inkişaf strategiyasına inteqrasiya edib və bu baxımdan İslam maliyyəsi real iqtisadi fəaliyyətə verdiyi önəmlə bizim məqsədlərimizlə tam üst-üstə düşür.
İslam maliyyəsi möhtəkirlikdən (spekulyasiya) və borc köpüklərindən qaçaraq, sosial rifahı və etik investisiyaları prioritetləşdirməklə dayanıqlı inkişafı təşviq edir. Sırf buna görə də, bizim üçün əsas prioritet dayanıqlılıqyönümlü İslam maliyyə alətlərinin inkişafına şərait yaratmaq, daha dözümlü iqtisadiyyatlar üçün kapitalı səfərbər etməkdir.
İkinci istiqamət həm yerli maliyyə institutlarında, həm də nəzarətçilərin, müstəqil auditorların və digər vasitəçilərin təcrübəsinin artırılması vasitəsilə insan kapitalının inkişafıdır. Biz qlobal institutlarla tərəfdaşlıq çərçivəsində seminarlar və praktiki məşğələlər təşkil etməklə potensialın gücləndirilməsini dəstəkləməyə, bununla da yaxşı fəaliyyət göstərən İslam maliyyə ekosisteminin yaradılmasına kömək etməyə sadiqik".














