Hazırda Azərbaycan banklarının iqtisadiyyata yönəldilə biləcəyi təxminən 20 milyard manat sərbəst, risklə ölçülmüş aktivləri var.
Cəmi kapitalının dinamikası üzrə - BANKLARIN RENKİNQİ (31.03.2026)
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
Onun sözlərinə görə, AMB iqtisadi sabitliyin sonuncu təminatçısı kimi çıxış edə bilər: "İqtisadi inkişafa verə biləcəyimiz ən böyük töhfə isə maliyyə sisteminə olan etimadı gücləndirməkdir. Bəs etimad niyə bu qədər vacibdir? İstər Avstriya məktəbi, istər Keynsçi yanaşma, istərsə də monetarizm və inkişaf iqtisadiyyatı olsun, bütün iqtisadi nəzəriyyələrin mərkəzində kapital dayanır. Müzakirə olunan əsas məsələ kapitalın necə bölüşdürülməsi və necə səmərəli istifadə edilməsidir. Hazırda ölkədə üç əsas maliyyə resursu mənbəyi mövcuddur: fiskal resurslar, yerli özəl sektorun resursları və beynəlxalq maliyyə resursları.
AMB maliyyə sisteminin dayanıqlılığına inam yaratdıqda, özəl sektorun resursları da daha fəal şəkildə iqtisadiyyata yönəlir. Mövcud göstəricilər bunu təsdiqləyir. Bank sektorunda problemli kreditlərin payı 3 %-dən aşağıdır. Likvidlik səviyyəsi müəyyən edilmiş tələbləri iki dəfədən çox üstələyir. Kapital adekvatlığı göstəricisi isə təxminən 18 %-dir ki, bu da normativ tələbdən təxminən 50 % yüksəkdir. Bu göstəricilər maliyyə sektorunun vasitəçilik funksiyasını effektiv şəkildə yerinə yetirməyə qadir olduğunu göstərir. Son üç ildə kreditlərin artım tempi iqtisadi artımı üstələyib. Bu isə maliyyə sektorunun iqtisadi inkişafın maliyyələşdirilməsinə hazır olduğunu nümayiş etdirir".
Bundan başqa, Ş.Mahmudzadə deyib ki, Azərbaycanda infyasiya idarə olunan səviyyədir və bu ölkəyə kapital cəlb etmək üçün önəmlidir: "Qiymət sabitliyi vacibdir. Çünki beynəlxalq kapital yalnız sabitlik şəraitində cəlb olunur: valyutaya etimad, pul-kredit siyasətinə inam və həmin siyasətin şəffaf kommunikasiyası olduqda. Son üç ildə inflyasiya hədəflədiyimiz dəhliz daxilində, yəni 4 % ətrafında və müsbət-mənfi 2 faiz bəndi çərçivəsində olub. Proqnozlara görə, növbəti iki ildə də inflyasiya bu səviyyədə qalacaq. Biz iqtisadi inkişafı məhz bu şəkildə dəstəkləyə bilərik. Bəs buna necə nail olmuşuq? Son üç ildə bank sektorunda tənzimləmə çərçivəsini müasirləşdirmişik. Bu proses təkcə ən son Bazel standartlarına keçid kimi ənənəvi istiqamətləri deyil, həm də bazar davranışı, ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) kimi yeni sahələri əhatə edib. Kapital bazarlarında da mühüm addımlar atılıb. Mövcud qanunvericiliyə bir sıra dəyişikliklər edilib, həmçinin reytinq agentlikləri, törəmə maliyyə alətləri, vençur kapitalı və kroudfandinq (müştərək maliyyələşmə) ilə bağlı yeni qanun layihələri hazırlanaraq hökumətə təqdim olunub. Sığorta bazarında da tənzimləyici çərçivənin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atmışıq. Demək olar ki, bütün icbari sığorta məhsulları üzrə qanunvericilik yenidən işlənib hazırlanıb və onların bir qismi artıq hökumətə təqdim olunub".
"Bu islahatların nəticələri özünü aydın şəkildə göstərir. Son üç ildə depozit bazarının həcmi iki dəfədən çox artıb. Eyni dövrdə ilk dəfə IPO həyata keçirilib, həmçinin Azərbaycanda ilk üzən faiz dərəcəli istiqrazlar buraxılıb. Bank-maliyyə sektorunun beynəlxalq reytinqləri yüksəlib. "Moody"s", "Fitch Ratings" və digər beynəlxalq qiymətləndirmələr maliyyə sektoruna və pul-kredit siyasətinə etimadın son illərdə əhəmiyyətli dərəcədə artdığını göstərir. Təbii ki, hər bir islahat müəyyən çətinliklərlə müşayiət olunur. Uzunmüddətli uğur naminə bəzən qısamüddətli hədəflərdən imtina etmək lazım gəlir. Bu çətinliklərin öhdəsindən gəlmək üçün isə biz kəskin və ani dəyişikliklərə üstünlük vermirik. İlk növbədə pilot mexanizmlər tətbiq edilir, tənzimləyici "sandbox"lardan istifadə olunur və gələcək dəyişikliklərə hazırlıq məqsədilə ilkin çərçivələr formalaşdırılır. Bu prosesdə ən vacib məsələlərdən biri digər maraqlı tərəflərlə eyni tempdə irəliləməkdir. İslahatların uğuru yalnız onların hazırlanmasından deyil, həm də bütün iştirakçıların bu dəyişikliklərə uyğunlaşa bilməsindən asılıdır. Buna görə də əsas çağırış tərəfdaşları geridə qoymadan, onları da prosesə cəlb edərək irəliləməkdir", - deyə AMB rəsmisi əlavə edib. (Report)















