Kraudfandinq dünyada kütləvi sərmayə cəlb etmək üçün əsas alətlərdən birinə çevrilməkdədir.
Milli Məclis "Kraudfandinq haqqında" qanun layihəsini müzakirə edir
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Vüqar Bayramov komitənin bu gün keçirilən iclasında - "Kraudfandinq haqqında", eləcə də bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Qlobal kraudfandinq bazarının dəyəri ilə bağlı fərqli rəqəmlər təqdim olunsa da, onun təxminən 20 milyard ABŞ dollarından çox olduğu bildirilir. Daha çox P2P prinsipi əsasında sərmayə cəlb edən platformalar qlobal və regional layihələrin maliyyələşdirilməsini həyata keçirirlər. Ənənəvi mükafatlandırma və ianə kampaniyaları qlobal kapitalın təxminin 1 %-ni təşkil edir. Kraudfandinq üsullarına gəldikdə isə səhm əsaslı, borc əsaslı, blokçeyn əsaslı və digərlərini qeyd etmək lazımdır. Qlobal olaraq kraudfandinqin son istifadəçiləri startuplar, QHT-lər və fərdlər hesab edilsə də müzakirə etdiyimiz Qanun layihəsi birbaşa iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara ünvanlanır. Yəni, kraundfandiqin ənənəvi fəlsəfəsində nəzərdə tutulan benefisiarların bir qismi, o cümlədən QHT-lər və fərdlər qanun layihəsinin məqsədlərində ayrıca qeyd edilməyib".
Deputat vurğulayıb ki, inkişaf etmiş ölkələrin əksəriyyətində kraudfandiq fəaliyyəti xüsusi qanun ilə deyil, aktlar və ya qaydalar ilə tənzimlənir: "Yəni, bu fəaliyyətin ciddi institutsionallaşması həyata keçirilmir. Müzakirə etdiyimiz qanun layihəsində isə xüsusi qaydalar və eləcə də reyster sisteminin yaradılması təklif edilir. Əslində, kraudfandiqin fəlsəfəsi daha sadə metodlar ilə daha çox vətəndaşdan sərmayə və ya ianənin cəlb edilməsidir. Bu sərmayə cəlbində operatorların fəaliyyəti olduqca vacib istiqamətdir. Hazırda, qlobal olaraq "GoFundMe" və "Kickstarter" kimi aktiv platformalar yaradılıb. Layihəyə əsasən, operatorun nizamnamə və məcmu kapitalı Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydasını, habelə strukturunu və tərkibini AMB müəyyən edir. Daha məqsədəuyğun olardı ki, nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın məbləği ilə bağlı Qanun layihəsinə konkret meyarlar müəyyənləşsin ki, qaydalar məhz həmin indikatorlar əsasında hazırlansın". (Report)














