Sabah Bakı Fond Birjasında “International” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
FED.az xəbər verir ki, Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin 12 oktyabr tarixli qərarı ilə “International” BOKT ASC-nin ümumi ümumi dəyəri 1 milyon manat olan istiqrazları (AZ2006021029 ISIN-li) standart bazar seqmentində listinqə daxil edilib.
Noyabrın 30-da isə həmin istiqrazların yerləşdirilməsinə başlanılacaq.
Birjadan FED.az-a verilən məlumata görə, 30 noyabr 2023-cü il tarixində BFB-də “International” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. İstiqrazların rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi o deməkdir ki, burada hər hansı tərəfin üstünlük hüququ olmayacaq və istənilən şəx hərracda eyni şərtlər və qrafiklə iştirak edə bilər.
Açıqlanan şərtlərə görə, istiqrazların illik gəlirlilik göstəricisi yüksək görünür – illik 18%. Amma problem ondadır ki, istiqrazlar 5 illiyə buraxılır. Yəni onu alan şəxs illik faizləri qazansa da, öz yatırımını “International” BOKT ASC-dən yalnız 5 ildən sonra geri ala biləcək.
Doğrudur, bu müddətə qədər istiqrazları birjada satmaq da mümkündür, amma BOKT istiqrazları geri almaq öhdəliyi götüməyib və istiqrazların satılıb satılmayacağı və ya hansı qiymətə satılacağı həmin vaxt birjadakı vəziyyət, eləcə də investorların bu kağızlara marağından asılı olacaq.
Qeyd edək ki, “International” BOKT ASC ölkənin tanınmış qeyri-bank maliyyə təşkilatlarındandır. Şirkətin kreditləri yüksək faiz dərəcələri – illik 36%-lə ayrılır. Müqayisə üçün bildirək ki, “International” BOKT ASC özü, yuxarıda qeyd edildiyi kimi, istiqrazları illik 18%-lə cəlb edir.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
İstiqrazların növü və forması |
İstiqrazların sayı |
Nominal Dəyəri |
İllik faiz dərəcəsi |
Tədavül müddəti |
Kupon faizlərinin ödəniş müddəti |
AZ2006021029 |
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlar |
1,000 (ədəd) |
1,000 manat |
18% |
60 ay |
hər 30 gündən bir |
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.