Fevralın 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 3 illik (1092 günlük) dövləti istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Azərbaycanda dolları saxlamaq üçün – SƏRFƏLİ YATIRIMLAR – VARİANTLAR - CƏDVƏL
FED.az xəbər verir ki, 20 milyon manatlıq istiqrazlara təqribən 4 qat artıq – 76 milyon manatlıq tələb gəlib. Sifarişlərdə göstərilən faizlər də Nazirliyi qane etdiyindən nazirlik illik 8,5% gəlirliklə 20 milyon əvəzinə 30 milyon manatlıq istiqraz yerləşdirib.
Qeyd edək ki, qanunvericilik, faizlər sərfəli olanda ilkin həcmdən 50% artıq istiqraz yerləşdirməyə icazə verir, nazirlikdə bundan istifadə edib.
Maliyyə Nazirliyinin 3 illik istiqrazları artıq bir neçə hərracdır ki, illik 8,5%-lə yerləşdirilir. Onlardan fərqli olaraq 1 illik və 2 illik istiqrazların faizləri tədricən artmaqdadır.
1 illik istiqrazlar
12 yanvar 2021-ci il tarixində Maliyyə Nazirliyinin 20 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət istiqrazlarına 94 milyon manat sifariş gəlmiş və istiqrazlar 5,98% gəlirliklə yerləşdirilmişdi. Yerləşdirilmiş həcm 30 milyon manat (iklin həcmin 150%-i) olmuşdu.
2 fevral 2021-ci il tarixində Maliyyə Nazirliyinin 20 mln. manat həcmində, 364 gün tədavül müddətli olan dövlət istiqrazlarına 74 milyon manat sifariş gəlmiş və istiqrazlar 6,2% gəlirliklə yerləşdirilmişdi. Yerləşdirilən həcm 30 milyon manat (ilkin həcmin 150%-i) olmuşdu.
2 illik istiqrazlar
19 yanvar 2021-ci il tarixində Maliyyə Nazirliyinin tədavül müddəti 728 gün olan 50 milyon manat məbləğində dövlət istiqrazlarına 171 milyon manat sifariş gəlmiş və istiqrazlar 7,52% gəlirliklə yerləşdirilmişdi. Yerləşdirilən həcm 75 milyon manat (ilkin həcmi 150%-i) olmuşdu.
16 fevral 2021-ci il tarixində Maliyyə Nazirliyinin 45 mln. manat həcmində, 728 gün tədavül müddətli olan dövlət istiqrazlarına 140,8 milyon manat sifariş gəlmiş və istiqrazlar 7,89% gəlirliklə yerləşdirilmişdi. Yerləşdirilən həcm 67,5 milyon manat (ilkin həcmin 150%-i) olmuşdu.
3 illik istiqrazlar
5 yanvar 2021-ci il tarixində Maliyyə Nazirliyinin 25 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət istiqrazlarına 71,5 milyon manat sifariş gəlmiş və istiqrazlar 8,5% gəlirliklə yerləşdirilmişdi. Yerləşdirilmiş həcm 37,5 milyon manat (ilkin həcmin 150%-i) olmuşdu.
26 yanvar 2021-ci il tarixində Maliyyə Nazirliyinin 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli olan dövlət istiqrazlarına 62,5 milyon manat sifariş gəlmiş və istiqrazlar 8,5% gəlirliklə yerləşdirilmişdi. Yerləşdirilmiş həcm 7 milyon manat (ilkin həcmin 35%-i) olmuşdu.
9 fevral 2021-ci il tarixində Maliyyə Nazirliyinin 35 mln. manat həcmində, 1092 gün tədavül müddətli olan dövlət istiqrazlarına 105,3 milyon manat sifariş gəlmiş və istiqrazlar 8,5% gəlirliklə yerləşdirilmişdi. Yerləşdirilən həcmi 25,7 milyon manat (ilkin həcmin 73%-i) təşkil edilmişdi.
23 fevral 2021-ci il tarixində Maliyyə Nazirliyinin 20 mln. manat həcmində, 1092 gün tədavül müddətli olan dövlət istiqrazlarına 76 milyon manat sifariş gəlmiş və istiqrazlar 8,5% gəlirliklə yerləşdirilib. Yerləşdirilən həcm 30 milyon manat (ilkin həcmin 150%-i) olub.