Azərbaycanda təqribən bir il əvvəl – mart ayında baş verən dollar ajiotajı səngisə də, investorların və əlində sərbəst vəsaiti olanların bir hissəsi pullarını indiyədək dollarda saxlamağa üstünlük verirlər.
Eləcə də bax: Azərbaycan vətəndaşları xarici birjalara - PUL YATIRA BİLƏCƏKLƏR - YENİLİK
Ona görə də hazırda bazarda dollar vəsaitlərini saxlamaq üçün alətlərə maraq artıb. Bunlardan ən etibarlısı bank əmanəti və dollar istiqrazlarıdır.
Bütün yatırımlarda olduğu kimi, dollar yatırımlarında da diqqət yetirilən əsas məqamlar - yatırımın etibarlılığı və mümkün qədər çevik şəkildə pula çevrilməsi imkanı, yəni likvidliyidir.
FED.az hazırda Azərbaycanda dolları olanların vəsaitlərini yatıra biləcəyi variantları təqdim edir. Beləliklə...
«AzerGold» QSC istiqrazları – illik 4% gəlir
Azərbaycanın qızıl operatoru - «AzerGold» QSC istiqraz bazarına bir neçə ay əvvəl daxil olıb. Şirkət hər dəfə 10 milyon dollar olmaqla sentyabr və noyabr aylarında ümumilikdə 20 milyon dollarlıq qiymətli kağız buraxıb. Bir istiqrazın qiyməti 100 dollardır.
3 illik müddətə buraxılan istiqrazların elan edilmiş illik gəlirliyi 4% olsa da, hərracda böyük tələb nəticəsində yerləşdirilmiş gəlirlilik illik 3,5% ətrafında olub.
Dövlət şirkəti, üstəlik valyutaya satılan qiymətli metallar biznesinin operatoru olması «AzerGold» QSC-nin istiqrazlarını etibarlı yatırım alətinə çevirir.
«PAŞA Yatırım Bankası» istiqrazları - illik 2,95% gəlir
«Paşa Holdinq»in nəzarətində olan və Türkiyədə fəaliyyyət göstərən «PAŞA Yatırım Bankası»nın istiqrazları 2018-ci ilin iyununda buraxılıb. Əslində bu kağızların buraxılmasını ölkə biznesi və maliyyə bazarı demək olar ki, hiss etməyib. Bu da təbiidir – 25 milyon dollarlıq istiqraz bir investor tərəfindən alınıb. Yəni adi invsetorlar onu istəsələr də ala bilməyəcəklər. Üstəlik qiymətli kağızların illik gəlirliyi olduqca aşağı idi – illik 2,95%. Həmin vaxt bazarda daha gəlirli dollar istiqrazları vardı və ona görə də «Paşa Yatırım Banka»sının kağızları maraq oyatmadı. Bu istiqrazlarda diqqəti çəkən yeganə məqam – faizlərin hər ay ödənilməsidir. 3 il 3 aylıq müddətə buraxılan istiqrazların dövrü bu ilin sentyabrında başa çatacaq.
SOCAR istiqrazları (köhnə) – illik 5% gəlir
Dövlət Neft Şirkətinin (SOCAR) dollar istiqrazları buraxması daxili qiymətli kağızlar bazarı üçün böyük hadisə olmuşdu. 2016-cı ilin oktyabrında dövriyyəyə buraxılan istiqrazlar həmin vaxt üçün dollarda böyük gəlir – illik 5% təklif edirdi. Üstəlik, biznes gəlirlərinin böyük hissəsinin valyutada daxil olması ölkənin ən böyük şirkətinin istiqrazlarını etibarlı və investorlar üçün cəlbedici edirdi. Amma bu istiqrazların müddəti artıq bitir – bir neçə aydan sonra, 2021-ci ilin oktyabrında istiqraz sahiblərinin pulları qaytarılacaq.
SOCAR istiqrazları (yeni) - illik 4,5% gəlir
Dövlət Neft Şirkətinin (SOCAR) ikinci istiqraz buraxılışı 2021-ci ilin fevralına nəzərdə tutulur. Şərtlər demək olar ki, əvvəlki kağızlarda olduğu kimidir: buraxılışın həcmi 100 milyon dollar, müddəti 5 il, bir istiqrazın nominal qiyməti 1000 dollar. Amma iki müzhüm fərq var – istiqrazların illik gəlirliyi əvvəlkindən daha aşağı, 4,5% nəzərdə tutulur. Üstəlik, bu istiqrazlarda geri alma zəmanəti də nəzərdə tutulmayıb. İstənilən halda SOCAR-ın etibarlığınə nəzərə alanda istiqrazlara da marağın yüksək olacağı gözlənilir.
«SOCAR Polymer Invesment» istiqrazları – illik 5% gəlir
Hələlik ölkədə ən böyük həcmdə dollar istiqrazı «SOCAR Polymer» tərəfindən buraxılıb. 200 milyon dollarlıq istiqrazlar illik 5% gəlirliliklə buraxılıb. Amma bu kağızların buraxılışında adi investorlar demək olar ki, iştirak etməyiblər. «SOCAR Polymer Invesment»in istiqrazları yalnız 8 banka satılıb. Böyük ehtimalla bu istiqrazların qüvvədə olduğu müddətdə adi investorların onları alması ehtimalı minimum olacaq.
«İnvestAz» QSC istiqrazları - illik 6% gəlir
Azərbaycanın qiymətli kağızlar bazarının aktiv oyunçularından olan «İnvestAz»ın dollar istiqrazları hazırda dollar sahiblərinə ən yüksək gəlir gətirən alətdir – illik 6%. Yenidən investisiya imkanını da nəzərə alanda illik gəlir ümumiyyətlə 6,14%-dək arta bilər. Bu hazırda Azərbaycanda dövriyyədə olan ən yüksək gəlirli istiqrazdır. 2020-cu ilin sonunda buraxılan istiqrazların tədavül müddəti 3 ildir, faizlər isə 3 aydan bir ödənilir. Bir istiqrazın qiyməti 1000 dollardır. «İnvestAz»ın istiqrazlarının digər mühüm üstünlüyü onların geri alınması imkanıdır – şərtlərə görə, istiqraz sahibi 6 ay sonra bu istiqrazları satmaq istəsə, İnvestAZ həmin günədək istiqrazların faizini ödəməklə kağızlara geri almağa hazırdır. Qeyd edək ki, bundan əvvəl «İnvestAz» 2 dəfə dollar istiqrazlarını uğurla yerləşdirib.
Bankların dollar əmanətləri – illik 0,5-2,5% gəlir
Ölkə banklarının dollar əmanətləri öz gəlir səviyyəsi və yatırım çevikliyinə görə, dollar istiqrazları ilə rəqabətdə uduzurlar. Əmanət bazarındakı son vəziyyətə görə, bankların əksəriyyəti dollar əmanətini 0,5%-lə qəbul edir. Yalnız bir neçə bankda faizlər 2-2,5% arasındadır. Əslində bankların özləri də dollarla əmanət qəbul etməyə maraq göstərmirlər. Bu da təbiidir, çunki qəbul edilən dolları kredit kimi yerləşdirmək asan deyil (dollarla krediğt götürmək istəyən sahibkarlar azdır). Üstəlik bəzi banklar əmanət kimi qəbul etdikləri dolları sonradan özləri yuxarıda sadalanan istiqrazlara yatırırlar.
İstiqrazların idarə olunması imkanı da dollar əmanətləri ilə müqayisədə daha çevikdir. Məsələn, geri alma qaydası olan istiqrazları rahatlıqla zərərsiz formada pula çevirmək mümkündür. Banklarda isə dollar əmanətinin hətta bir hissəsinin vaxtından əvvəl geri götürülməsi bütün əmanət faizlərinin itirilməsi ilə nəticələnə bilər.
Emitent şirkətlər |
Buraxılışın həcmi |
Bir İstiqrazın nominal qiyməti |
İllik gəlir dərəcəsi |
Tədavül müddəti |
Faiz ödəniş müddəti |
Geri alma zəmanəti |
Başa çatma tarixi |
“PAŞA Yatırım Bankası” |
25 mln USD |
1000 USD |
2,95% |
3 il 3 ay |
30 gündən bir |
Yoxdur |
14.09.2021 |
AzerGold QSC |
10 mln USD |
100 USD |
4,0% |
3 il |
90 gündən bir |
Yoxdur |
24.09.2023 |
AzerGold QSC |
10 mln USD |
100 USD |
4,0% |
3 il |
90 gündən bir |
Yoxdur |
30.11.2023 |
SOCAR (yeni) |
100 mln USD |
1000 USD |
4,5% |
5 il |
90 gündən bir |
Yoxdur |
17.02.2026 |
SOCAR (köhnə) |
100 mln USD |
1000 USD |
5,0% |
5 il |
90 gündən bir |
Var |
17.10.2021 |
SOCAR Polymer |
200 mln USD |
1000 USD |
5,0% |
5 il |
90 gündən bir |
Yoxdur |
09.06.2025 |
İnvestAZ |
2,6 mln USD |
1000 USD |
6,0% |
3 il |
90 gündən bir |
Var |
03.12.2023 |