Bakı Fond Birjası bu ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.
FED.az BFB-yə istinadən xəbər verir ki, 5 investisiya şirkətinin dövlət istirqazları üzrə dövriyyəsi 100 milyon manatdan çoxdur.
Dövlət istiqrazları üzrə ən yüksək dövriyyəyə malik olan "PAŞA Kapital", 3 milyard 110 milyon manatlıq həcmlə bazarın lideridir. Bu göstərici şirkətin həm hüquqi, həm də fiziki şəxslərlə güclü əməkdaşlıq qurduğunu və istiqrazlara olan tələbatı effektiv şəkildə yönləndirdiyini göstərir.
Cəmi 65 milyon manat fərqlə ikinci sırada qərarlaşan "ABB İnvest" də bazarda güclü mövqeyə malikdir. Şirkətin dövriyyəsi 3 milyard 45 milyon manat səviyyəsində olub. Bu isə onun müştəri bazası və dövlət qiymətli kağızlarına olan inamın bariz göstəricisidir.
Üçüncü yeri tutan "Invest-Az", ilk iki şirkətlə müqayisədə daha az həcmlə çıxış etsə də, 170 milyon manatlıq göstərici onu orta seqmentin liderlərindən biri kimi təqdim edir. .
CPM-İnvest də dövlət istiqrazları bazarında sabit fəaliyyət göstərən şirkətlərdən biridir. Onun 142 milyon manatlıq dövriyyəsi, xüsusilə institusional investorlarla olan əlaqələrin nəticəsi kimi qiymətləndirilə bilər.
Beşinci yerdə yer alan Assist Finance 108 milyon manatlıq dövriyyə ilə dövlət istiqrazları bazarında etibarlı və çevik oyunçulardan biri olduğunu sübut edir.