Dövlət istiqrazları hərracında ajiotaj - «NÖVBƏ» YARANIB
20:5826 Dek 2017
Maliyyə Nazirliyinin 1 illik istiqrazları üzrə hərrac investorlar arasında ajiotajla keçib.
Dekabrın 26-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 70 milyon manat həcmində 1 illik dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac əsl ajiotajla keçib. BFB-dan FED.az-a verilən məlumata görə, hərrac zamanı 25 investor tərəfindən 57 sifariş təqdim edilib. Cəmi 70 milyon manatlıq istiqraz yerləşdirilməsiüçün keçirilən hərracda sifarişlərin həcmi 224 milyon manat və ya 3 dəfə arı qolub.
Sifarişlərin qiymət intervalı 84.4746 AZN (18.4800%) və 89.3382 AZN (11.9999%) olub.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 87.0187 AZN (15.0000%), orta ölçülmüş qiyməti 87.5261 AZN (14.3301%) müəyyən edilib. Bir il müddətinə yerləşdirilən istiqrazların ödəmə tarixi 25 dekabr 2018-cu ildir.
“PSG Kapital” investisiya şirkətinin direktor müavini Cəfər İbrahimli FED.az-a bildirib ki, DQİ-də tələbatın yüksək olmasının səbəbi onların gəlirliyinin əmanətlərlə müqayisədə yuxarı olması idi.
Azərbaycanda dövlət qiymətli kağızlarının heç bir riskinin olmaması, üstəlik, yüksək faiz vəd etməsi kağızlara təoəbatı artırıb. Maraqlıdır ki, istiqrazlara təkcə hüquqi şəxslər və banklar deyil, fiziki şəxslər də böyük vəsait yönəldirlər: «Çünki, maliyyə dayanıqlılığı orta səviyyədə olan banklarda əmanət faizləri aşağı düşməkdədir (hazırda 9%-10% ətrafındadır). Dövlət qiymətli kağızları isə daha yüksək faiz təklif edir. Üstəlik etibarlılığına görə, dünyanın hər yerində dövlət kağızları daha üstün sayılır».