Cənubi Koreya ölkədə bütün növ kriptovalyuta hesablaşmalarını qadağan etmək imkanlarını nəzərdən keçirir.
"Koreatimes.co.kr" saytının yazdığına görə, Koreya Mərkəzi Bankı bu qərarın qlobal kriptovalyuta "xəstəliyi"ni yumşaltmaq məqdsədi daşıyacağını bildirib.
"Bitkoinlə əməliyyatları maliyyə sövdələşməsi kimi görmürəm", - Maliyyə xidmətləri üzrə komissiyanın sədri Çoy Çon-ku bildirib.
"Onlar institutsional hesablaşmalar deyil, ona görə də hökumətlər belə valyutalarla fyuçerslərə heç bir zaman icazə vermir", - deyə sədr əlavə edib. Hazırda onun rəhbərlik etdiyi komissiya spekulyativ investisiyaların qarşısını almaq üçün bitkoinlə əməliyyatların qismən və hətta tam qadağasını nəzərdən keçirir.
Qeyd edək ki, Cənubi Koreya dünyanın ən iri bitkoin birjasının vətəni kimi tanınır. Bu ölkədə 1 mln. insanın bitkoin sahibi olduğu bildirilir.