Bitkoinə sərmayə qoymağa dəyərmi? Rəqəmsal valyutalar arasında getdikcə daha məşhurlaşan bitcoinlərlə bağlı yaranan marağı nəzərə alaraq, iqtisadçı Qubad İbadoğlu bu suala qısa şəkildə aydınlıq gətirib.
Ekspert qeyd edib ki, 2009-cu ildə 1 ABŞ sent nominal dəyəri ilə tədavülə çıxan bitcoin 1 ay sonra 1 dollara, 2 il sonra 10 dollara, hazırda isə 16,5 min dollara satılmağa və tədiyyə vasitəsi kimi bəzi hesablaşmalarda istifadə olunmağa başladı:
“Son dəyərləndirmələrə görə, ümumi bazar dəyəri 329 milyard dollar təşkil edən bitcoinin taleyi çox adamı düşündürməyə və narahat etməyə başlayıb. Fikrimcə, bu valyutanın dəyəri virtual bazarda əsasən spekulyativ tələb və təklifə bağlı olduğundan onun real bazar dəyəri formalaşmasınadək ziqzaqvari dəyişiklər gözləniləndir”.
Q.İbadoğlu deyib ki, bitcoinin bazar dəyərinin belə sürətlə davamlı artması mümkün deyil:
“Bitcoinin taleyi bazar payı yüksək olan şirkətlərin bu valyuta ilə hesablaşmalara keçidindən, onu aparıcı ölkələrin Mərkəzi Banklarının tanımasından və tədavülə buraxmasından asılı olacaq. Odur ki, bitcoinə sərmayə qoyanlar indiki şərtlərlə qumar oynamaq qədər riskə gedirlər. Çünki, hələ özünü valyuta bazarında tam təsdiq etməyən, hesablaşmalar üçün yüksək komission haqları və tələb olunan əlavə vaxta görə klassik valyuta vahidlərindən geri qalan bitcoinlə böyük pullarla "oynamaq" təhlükəlidir”.