Hamı partlayacağını desə də, hər gün artan Bitcoin artıq 17 000 dollar səviyyəsinə qalxıb. Eyni zamanda, vaxtı ilə bu kriptovalyutaya yatırım etmiş insanların üzünü də güldürməyə davam edir. Hətta artıq ilk Bitcoin milyarderlərinin adı da məlumdur. Üstəlik, bu adamlar texnologiya dünyasında öz adları ilə məşhurdur.
Bu milyarderlər, Facebookun qurucusu Mark Zukerberqin facebook ideyasını onlardan oğurladığını iddia edən və buna görə də məhkəməyə müraciət edən ABŞ vətəndaşları Tylor və Cameron Winklevoss adlı əkiz qardaşlardır.
Məlumata görə, 2002-ci ilin dekabrında Winklevoss qardaşları və onların tələbə yoldaşı Divya Narendra əsli Harvard Connection olan lakin qısaldılaraqConnectU adlandırılan sosial şəbəkə qurmaq ideyası üzərində işləyirlər. Saytın əsas məqsədi Harvard və digər universitetlərin tələbələri arasında əlaqə yaratmaq idi.
2003-cü ilin yanvarında bu üç gənc Harvard universitetinin digər tələbəsi proqramçı dostu Sanjay Mavinkurvenın köməyi ilə birlikdə saytı qurmağa başlayırlar. Lakin Sanjay 2003-cü ilin yazında Google-da işləmək üçün bu layihəni tərk etməyə məcbur olur. Sanjayın ayrılmasından sonra Narendra öz dostu Victor Gaoya onlara kömək etməsi üçün müraciət edir, Gao ortaq olmamaq lakin ödənişli çalışmaq şərti ilə təklifi qəbul edir. 2003-cü ildə Gaoya saytı qurmaq üçün 400 dollar dəyərində pul ödənilir. Elə həmin ildə üç dost Gaonun təklifi ilə ConnectUkomandasına qoşulmaq üçün Mark Zukerberqə yaxınlaşır. Bu hadisə zamanı saytın bir çox şeyi artıq hazır idi. 2003-cü ilin noyabr ayında Zukerberq bu üç şəxlə müqavilə imzalayaraq saytın tərəfdaşlarından biri olur.
2004-cü ilin yanvarında Zukerberq saytın ümumi bilgilərini əsas götürərək thefacebook.com domenini satın alır. Bundan sonra isə eyni ConnectU ideyasına bənzəyən Facebooku qurur. Lakin Zukerberq, bu barədə öz komanda yoldaşlarına heç nə demir. Hətta ConnectU sosial şəbəkəsinin çox yaxşı irəlilədiyini və onlara çalışmaq istədiyini vurğulayırmış.
2004-cü ilin fevralında həmin üç dost Harvard tələbə qəzetində thefacebook.comhaqqında eşidir və onun rəhbərinin Zukerberq olduğunu öyrənirlər. Onlar bu barədə universitetə şikayət edirlər. Universitet rəhbərliyi isə, onlara məhkəməyə müraciət etmələrini məsləhət görür.
Beləliklə, 2004-cü ildə 23 yaşlı bu iki qardaş məhkəməyə müraciət edərək Mark Zukerberqin onların ideyasını oğurladığını iddia edirlər. Məhkəmə nəticəsində iki tərəfin də razılığa gəlməsi ilə Mark Zukerberq onlara 65 milyon dollar ödəyir. Bir sıra mənbələrə görə, bu iki əkiz qardaş Mark Zukerberqdən 466 milyon dollara yaxın pul qopara bilərdi.
11 milyon dollar dəyərində bitcoinə sahib olduqlarını deyən əkiz qardaşlar,Facebookdan qazandıqları 65 milyonu da bitcoinə xərcləyirlər. Hal hazırda bu iki qardaşın 1 milyard dollar məbləğində bitcoinə sahib olduğu deyilir. Fortunejurnalına görə, bu iki qardaş Bitcoini 120 dollar dəyərində ikən satın almış və ümumi 91 666 ədəd bitcoinləri mövcuddur.