Bakı Fond Birjası (BFB) 2026-ci ilin yanvar-sentyabr ayları ərzində birja əməliyyatlarının həcmini açıqlayıb.
“Assist Finance İnvestisiya Şirkəti” 800 min manat - BORCLANIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə BFB-də ümumilikdə 33 milyard 528 milyon manatlıq əməliyyat aparılıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə birja əməliyyatlarının həcmi 17 milyard 452 milyon manat və ya 34,2% azalıb.
Xatırladaq ki, 2025-cü ilin yanvar-sentyabr aylarında BFB-də ümumilikdə 50 milyard 980 milyon manatlıq əməliyyat aparılmışdı.
Ənənəvi olaraq bəhs olunan dövrdə birjadakı əməliyyatların böyük hissəsi – 26 milyard 188 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu birja üzrə ümumi əməliyyatların 78,1%-i deməkdir.
Ötən müvafiq dövrü ilə müqayisədə repo əməliyyatlarının həcmi 14 milyard 155 milyon manat və ya 35% azalıb. Birjada repodan kənar əməliyyatların ümumi həcmi 7 milyard 340 milyon manat olub. Bu rəqəmin 5 milyard 376 milyon manatı və ya 86%-i dövlət qiymətli kağızlarının payına düşür.
Bura dövlət istiqrazları ilə əməliyyatlar – 1 milyard 624 milyon manat, Mərkəzi Bankın notları – 2 milyard 944 milyon manat və ipoteka istiqrazları – 808,4 milyon manat - aiddir. Korporativ qiymətli kağızlarla əməliyyatların həcmi isə 1 milyard 964 milyon manat olub.
2026-cı ilin ilk doqquz ayında repo əməliyyatları ilə yanaşı, qeyri-repo əməliyatlarında da azalma baş verib – faktiki olaraq qeyri-repo əməliyyatları 3,3 milyard manat və ya 31,2% azalıb.
Ən böyük azalma dövlət qiymətli kağızlarında baş verib, burada dövriyyə 5 milyard 850 milyon manat və ya 4,6 dəfə azalaraq 1 milyard 624 milyon manata, korporativ qiymətli kağızlar üzrə dövriyyə 1 milyard 142 milyon manat (2,4 dəfə) artaraq 1 milyard 964 milyon manata, ARMB notları üzrə dövriyyə 1 milyard 732 milyon manat (2,4 dəfə) artaraq 2 milyard 944 milyon manata, ipoteka istiqrazları üzrə dövriyyə 358 milyon manat (30,7%) azalaraq 808 milyon manata bərabər olub.













