Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar-noyabr ayları ərzində birja əməliyyatlarının həcmini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə BFB-də ümumilikdə 58 milyvard 173 milyon manatlıq əməliyyat aparılıb. 2024-cü ilin analoji dövrü ilə yanaşı, bu il birjanın əməliyyatları 5,5 milyard manat və ya 8,7% aşağı düşüb.
Ənənəvi olaraq bu il də birjadakı əməliyyatların böyük hissəsi – 46 milyard 818 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu birja üzrə ümumi əməliyyatların 80%-i deməkdir.
Ötən illə müqayisədə repo əməliyyatlarının həcmi 9 milyard manat və ya 16% azalıb.
Birjada repodan kənar əməliyyatların ümumi həcmi 11 milyard 355 milyon manat olub.
Bu rəqəmin 10 milyard 368 milyon manatı və ya 91%-i dövlət qiymətli kağızlarının payına düşür.
Bura dövlət istiqrazları ilə əməliyyatlar - 7 milyard 833 milyon manat, Mərkəzi Bankın notları – 1 milyard 320 milyon manat və ipoteka istiqrazları – 1 milyard 215 milyon manat - aiddir.
Korporativ qiymətli kağızlarla əməliyyatların həcmi isə 987 milyon manat olub. Amma bu kağızların da böyük hissəsi dövlət şirkətlərinin – SOCAR, Xəzər Dəniz Gəmiçiliyi və sairin istiqrazlarının payına düşür.
Başqa sözlə, Bakı Fond Birjasının ölkənin ÜDM ilə müqayisə olunacaq həcmdə göstərilən dövriyyəsində özəl sektorun payı olduqca aşağıdır.











