FED.az xəbər verir ki, sabahdan "AzerGold" QSC-nin istiqrazları üzrə təkrar bazar əməliyyatlarına başlanılacaq.
Eləcə də bax: “AzerGold”un istiqrazlarına tələb təklifi 2,5 dəfə üstələyib
Xatırladaq ki, həmin istiqrazlar sentyabrın 24-dən standart bazar seqmentində dövriyyəyə buraxılıb və 3 il tədavüldə olacaq. Söhbət birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan (10 milyon dollarlıq) gedir. Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdirilib. Onların illik gəlirliliyi 4%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb. Fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar. (Report)