Azərbaycanın kriptovalyuta bazarında müşahidə olunan durğunluq kriptovalyutanın alqı-satqı imkanını məhdudlaşdırır.
FED.az xəbər verir ki, bunu iqtisadçı ekspert Elnur Quliyev deyib.
Eləcə də bax: Azərbaycan kriptovalyuta bazarına - Sərbəstlik Verməyəcək
Onun sözlərinə görə, Azərbaycanda qeyd olunan sahə üzrə qanunvericiliyinin işlənilməsi hələ həllini tapmayıb: "Gözləntilərimiz Rusiya bazarında bu istiqamətdə atılan addımlardan ibarətdir ki, bu da daxili bazarın canlanmasına səbəb ola bilər. Yəni müşahidə olunsa ki, Rusiyada sahə üzrə qanunvericilik inkişaf edir, bu, əlbəttə, Azərbaycanda da qısa müddət ərzində tənzimləmə mexanizminin işə düşməsinə təkan verəcək".
Ekspertin fikrincə, kriptovalyuta bazarının inkişafı birbaşa korporativ müştərilərin iştirakından asılıdır ki, onlar üçün bu imkanı yaratmaqdan çox şey asılıdır. Əks təqdirdə, korporativ müştərilər heç bir halda bazara daxil olmayacaq.
"Qiyməti formalaşdıran məhz korporativ müştərilərdir. Həvəskar investorların bazara bir o qədər də təsiri yoxdur. Misal olaraq qeyd edim ki, "PayPal"ın 2021-ci ilin yanvarından etibarən müştərilər üçün "Bitcoin" alqı-satqısını aparmaq, eləcə də saxlamaq hüququnu yaradacağı barədə verdiyi açıqlama bu kriptovalyutanın qiymətinin artımına səbəb oldu və artıq bir neçə iri şirkət "Bitcoin"ə sərmayə yatırmağa başladı. Hazırda bu xidməti Amerika vətəndaşları üçün aktivdir", - deyə E. Quliyev qeyd edib.
Xatırladaq ki, bu gün bir "Bitcoin"in məzənnəsi 18 614,30 ABŞ dolları (31 623,23 manat) təşkil edir. (Apa)