“ASAN Xidmət”in Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılıb və pilot olaraq istifadəyə verilib.
Eləcə də bax: Azərbaycanda hərraclar elektron şəkildə - HƏYATA KEÇİRİLƏCƏK
FED.az xəbər verir ki, artıq hərraclar eherrac.gov.az portalı üzərindən həyata keçiriləcək.
Bu sistem vasitəsilə istənilən hüquqi və fiziki şəxs öz əmlakını və ya hüquq əldə etdiyi əmlakı elektron hərraca çıxarıb şəffaf şəkildə sata biləcək.
ASAN Xidmətdən verilən məlumata görə, sistemin yaradılması hərracların keçirilməsi zamanı şəffaflığın təmin edilməsi, hərrac iştirakçılarının rahat və məhdudiyyətsiz şəkildə hərraclarda iştirakına şərait yaradacaq: “Hərracda iştirak etmək istəyən, lakin uzaq məsafə səbəbindən hərraca qatıla bilməyən şəxslər də bundan sonra yeni sistem üzərindən onlayn olaraq hərraclarda iştirak edə biləcəklər. Sistemin yaradılması, eyni zamanda əmlak bazarının inkişafına da töhfəsini verəcək”.
“Elektron Hərrac”dan yeni istifadə qaydaları aşağıdakı qaydada təşkil olunacaq:
• Elektron hərracda iştirak etmək istəyən şəxs eherrac.gov.az portalına daxil olaraq “ASAN Login” vasitəsilə sistemə giriş edir;
• Elektron hərrac prosesində tələb olunan müvafiq iştirak haqqı və depozit (beh) ödənişləri onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilir;
• Elektron hərrac başladıqdan sonra iştirakçılar qalib olmaq üçün təkliflər edirlər;
• Qalib iştirakçı haqqında sistem tərəfindən protokol tərtib olunur. Bu protokollar müvafiq qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.
Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejimi dövründə Dövlət Agentliyi tərəfindən bir sıra innovativ layihələr həyata keçirilib və əhalinin istifadəsinə verilib.
Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” yaradılıb.
Dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “ASAN bot” tətbiqi istifadəyə verilib.