Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən, səmərəli fəaliyyət göstərən, şəffaf və müasir kapital bazarının formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir və bu tədbirlərin effektivliyini və beynəlxalq təcrübəyə uyğunluğunu təmin etmək üçün beynəlxalq əməkdaşlığa önəm verir.
Eləcə də bax: Azərbaycan və Türkiyə birgə investisiya fondu - Yaradır
FED.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, AMB ilə Türkiyənin Kapital Bazarları Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi iki ölkənin milli qanunvericiliklərinin tələbləri nəzərə alınmaqla kapital bazarları sahəsində requlyativ əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşkil olunması, araşdırmaların aparılmasında dəstək və məlumat mübadiləsinin təmin edilməsi üçün zəruri çərçivənin formalaşdırılmasından ibarətdir.
Sənədə əasən, iki qurum arasında kapital bazarlarının inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, kapital bazarları məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.
Sənəd iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, maliyyə sektorunda da əməkdaşlığın daha da möhkənməsinə xidmət edəcək, həm kapital bazarlarının, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək. (Report)