2022-ci ildə Bakı Fond Birjası ilə İstanbul Birjası arasında dual listinq modelinin tətbiqi planlaşdırılır.
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
“Kapital bazarının infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Türkiyənin mərkəzi depozitarı ilə əlaqələr qurulmuş və növbəti ildən Bakı Fond Birjası ilə İstanbul Birjası arasında dual listinq modelinin tətbiq edilməsi nəzərdə tutulur”, - Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur.
“İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, AMB-nin məlumatına əsasən, 2021-ci ildə korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 535 milyon manat olan 20 emissiya prospekti təsdiq edilib. Cari ilin 11 ayı ərzində 505 milyon manat məbləğində korporativ qiymətli kağız fond birjasında yerləşdirilib.
“Hesabat dövründə fond birjasında ticarət həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,3%, bu dövrdə repo bazarı isə 3,4 dəfədən çox artıb”, - AMB-dən vurğulanır.
Tənzimləyici qeyd edir ki, kapital bazarı infrastrukturunun inkişaf etdirilməsi istiqamətində mərkəzləşdirilmiş ticarət və depozitar sisteminin qurulması və qiymətli kağızların emissiyası prosesinin elektronlaşdırılması nəzərdə tutulur.
“Bundan əlavə, Kiçik və Orta Biznes (KOB) subyektlərinin kapital bazarından maliyyələşməsinin təşviqi məqsədilə onlar tərəfindən emissiya edilən korporativ istiqrazlara zəmanət və subsidiyanın verilməsi mexanizminin yaradılması üzrə tədbirlər görüləcək.Mərkəzi Bankın IOSCO (Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı) təşkilatına imtiyazlı üzvlüyünün təmin edilməsi, xarici investorların kapital bazarına çıxış imkanlarının artırılması məqsədilə qlobal kastodianlarla əlaqələrin qurulması, törəmə maliyyə alətləri üzrə tənzimləyici çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə şirkətlərlə və əhali ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur”, - bəyanatda vurğulanır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.