“Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Unibank”dakı payını 44,5%-dən 9%-ə endirməsində mənfi nə isə axtarmaq lazım deyil”.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
Eləcə də bax: "Unibank"ın səhmdarlarının pay bölgüsü - DƏYİŞİB
“EBRD institusional investordur. Adətən bu cür investorlar mandatlarına uyğun olaraq hər hansı müəssisədə müvəqqəti pay alırlar. Yəni, onlar hansısa şirkətə investisiya qoyurlar, onu inkişaf etdirirlər, 5-7 ildən sonra isə paylarını ya digər strateji investorlara, ya da mövcud səhmdarlar satırlar, ya da açıq bazara çıxarırlar.
EBRD 2002-ci ildən “Unibank”ın səhmdarıdır, yəni 17 ildir ki, bizimlədir, bir çox mərhələlərdən birlikdə keçmişik. Xüsusilə 2015-ci ildə maliyyə sektorunda yaranmış gərgin vəziyyətdə EBRD “Unibank”dakı payını artırdı, Banka dəstək verdi ki, həmin dövrdən problemsiz keçək.
Hazırda “Unibank”ın vəziyyəti sabitləşib, Ölkə prezidentinin “Fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı” fərmanından sonra Bankda likvidlik yaranıb, mənfəətlə işləyirik, kapitalımızı bərpa etmişik. EBRD də mandatına uyğun olaraq yavaş-yavaş “Unibank”dakı payını azaldır, amma hələ ki, səhmdarlarımız sırasında qalıb”, - deyə sədr qeyd edib.
Report