Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin direktor müavini Mübariz Qurbanovla müsahibə.
-Mübariz müəllim, hazırda Azərbaycan Beynəlxalq Bankında hansı kreditlər verilir?
- Azərbaycan Beynəlxalq Bankında həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin kreditləşməsi həyata keçirilir. Biz ən geniş xidmət şəbəkəsinə malik banklardan biri olaraq vətəndaşlarımıza uyğun şərtlərlə kreditlər təklif edirik. Bankın təklif etdiyi kreditlər korporativ kreditlər, kiçik və orta sahibkarlıq subyektlərinə verilən kreditlər, ipoteka kreditləri, istehlak təyinatlı nağd pul kreditləri, kredit kartları, depozit təminatlı kreditlərdir. Peşə bayramları və digər özəl günlər ərəfələrində bankımızda mütəmadi kampaniyalar elan olunur. Bu kampaniyalar çərçivəsində güzəştli şərtlərlə komissiyasız kreditlər təklif edilir.
Yeri gəlmişkən, yada salım ki, hazırda Azərbaycan Beynəlxalq Bankında “Respublika günü” münasibətilə kampaniya davam etməkdədir. Kampaniyanın şərtlərinə əsasən, iyunun 8-ə kimi bankımıza kredit üçün müraciət edən müştərilər illik faiz dərəcəsinə 2% endirim olmaqla kreditləri komissiyasız əldə edə bilərlər. Bir il müddətinə olan kreditlər isə illik 20% dərəcəsi ilə və komissiyasız təklif olunur. Kampaniyanın şərtləri ilə bağlı Azərbaycan Beynəlxalq Bankının saytından, eləcə də 937 nömrəli Məlumat Mərkəzindən ətraflı məlumat almaq olar.
-Bankda nağd pul kreditləri kimlərə və hansı şərtlərlə verilir?
-Hazırda bankda nağd pul kreditləri əməkhaqqı və pensiyalarını Azərbaycan Beynəlxalq Bankının kartları vasitəsilə alan müştərilərə təklif olunur. Bütün kart sahiblərimizin məhsullarımızdan yararlanması üçün əməkhaqqına dair hər hansı tələb qoyulmayıb. Belə ki, bankın - yaşı 20-dən 70-ə qədər olan bütün əməkhaqqı və pensiya kart sahibləri 60 ay müddətinə 20 min manatadək nağd pul krediti ala bilərlər. Kreditlərin illik faiz dərəcəsi 23%-dən başlanır.
Eləcə də bax: 200 manatlıq əskinasları ATM-lərə buraxdılar
-Bəs zamin?
-5000 manata kimi kredit almaq üçün zamin tələb olunmur. Həyat sığortası tələbi də yoxdur. Hazırda təklif etdiyimiz kredit məhsullarından biri də “Yenidən maliyyələşdirmə” kreditidir. Bu, məhsul kreditlərini birləşdirmək və daha az məbləğdə ödəniş etmək istəyən müştərilər üçün nəzərdə tutulub.
-Nağd pul kreditini məhz Azərbaycan Beynəlxalq Bankından almağın üstünlükləri nədir?
- Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müştərilərə bir sıra üstünlüklər qazandırır. İlk növbədə, təklif edilən kreditin məbləği yüksəkdir və müddəti daha uzunmüddətlidir. Faizlərimiz çox aşağıdır. Bundan başqa, zaminsiz verdiyimiz kreditin məbləği də yüksəkdir. Aylıq kredit borclarının ödənilməsindən ötrü banka gəlməyə ehtiyac yoxdur. Kredit almaq üçün əlavə sənədlər də tələb olunmur. Üstəlik, müştərilərimiz bankın elan etdiyi mütəmadi kampaniyalardan faydalana bilərlər. Azərbaycan Beynəlxalq Bankının mobil əlavəsi olan IBAm vasitəsilə həm hesabları, həm kreditləri şəxsi kabinet vasitəsilə idarə etmək, ödənişlər aparmaq olar. Bankımızla kredit əməkdaşlığı müştərilərə gələcəkdə təkrar müştəri statusu almağa və növbəti kreditləri daha endirimli faizlə əldə etməyə imkan verir.
Qeyd edim ki, Azərbaycan Beynəlxalq Bankının qeyri-kredit məhsul və xidmətlərindən istifadə etmək də müştərilər üçün çox sərfəlidir. ƏLA-şöbəmiz vasitəsilə müştərilər anında ƏLA kart əldə edə bilərlər. ƏLA kart Sizə sərfəli şəkildə plastik kart funksionallığından həm ölkə daxilində, həm də xaricdə istifadə imkanı yaratmaqla yanaşı, 8937-ə SMS göndərməklə banka gəlmədən kredit əldə etmək imkanı verir. Depozit seyfləri üzrə tariflərimiz və digər xidmətlərimiz üzrə tariflər aşağıdır. Bankımızda aktiv olan unikal layihələrdən biri “Pensiya+” layihəsidir. Bu layihə Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları vasitəsilə pensiya alan müştərilərimizə avtomatik olaraq 100 manat məbləğində hər ay yenilənən faizsiz və komissiyasız vəsait limiti əldə etmək imkanı yaradır. Bu məbləğ layihəyə qoşulmuş ticarət müəssisələrində nağdsız alış-veriş zamanı, həmçinin Azərbaycan Beynəlxalq Bankının bankomatları və rəsmi internet səhifəsində (www.ibar.az) kommunal ödənişlərin aparılması üçün istifadə oluna bilər. Bir daha xatırladıram ki, bu xidmət pulsuzdur və pensiyaçıdan heç bir əlavə komisyon haqqı və ya kredit faizi tutulmur. Xidmətə qoşulmaq üçün şəxsiyyət vəsiqəsi və pensiya kartı ilə müvafiq filiala yaxınlaşmaq lazımdır.
-Kreditin ancaq maaş və pensiya kartı sahiblərinə verilməsi ilə bağlı məhdudiyyət gələcəkdə aradan qalxa bilərmi?
-Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən geniş xidmət şəbəkəsinə malik banklardan biridir. Biz müasir dövlət bankı olaraq vətəndaşlarımıza daha sərfəli şərtlərlə kreditlər təklif edirik. Təbii ki, şərtlər cəlbedici olduğundan bankın maaş və pensiya kartına malik olmayan müştərilərin də kredit üçün bizə müraciətləri artmaqdadır. Hazırda bu istiqamətdə təhlillər aparılır.
-Azərbaycan Beynəlxalq Bankı ötən aylarda öz kredit şərtlərini bir neçə dəfə asanlaşdırdı. Başqa hansı yeniliklər planlaşdırılır?
-Müasir dövlət bankı olaraq zamanın çağırışlarına uyğunlaşmaq qarşımızda duran əsas məsələlərdəndir. Bu səbəbdən davamlı şəkildə müştəri ehtiyaclarını müəyyən etməyə çalışırıq. Şərtlərimizi asanlaşdıraraq daha çox insan üçün əlçatan olmağa can atırıq. Bildirim ki, bankımızda bir sıra yeni layihələr üzərində tamamlanma işləri aparılır. Tezliklə ictimaiyyətə çoxfunksiyalı yeni kart məhsulumuz təqdim olunacaq. Bankımızın mobil əlavəsi olan IBAm-a da yeni funksiyaların əlavə edilməsi üzərində işlərimiz davam edir. Ümumilikdə bildirim ki, şərtlərimiz daim yenilənir və bu istiqamətdə işlərimiz davamlı olacaq. Azərbaycan Beynəlxalq Bankı bundan sonra da vətəndaşlarımıza daim yenilənən, şərtləri rahat və sadə olan məhsul və xidmətləri təklif edəcək.
-Bankın alternativ satış kanalları ilə bağlı hansı planları var?
-Müasir rəqəmsal dünyada müştərilər bir çox xidmətləri vaxt itirmədən, banka gəlmədən almaqda maraqlıdırlar. Bu, dövrün reallığıdır. Ona görə xidmətlərin avtomatlaşdırılması Azərbaycan Beynəlxalq Bankı üçün əsas hədəflərindəndir. Bu sahədə alternativ satış kanallarının rolu çox böyükdür. Müştərilərimiz alternativ satış kanalları olaraq 937 nömrəli Məlumat Mərkəzimiz, bankımızın saytı, IBAm və bankomatlarımız vasitəsilə kredit üçün müraciət edə və onlara uyğun kredit təklifləri ala bilərlər. Yaxud əməkhaqqı kartının son 8 rəqəmini *8937 nömrəsinə göndərməklə də uyğun kredit təklifi əldə etmək mümkündür. Bankın təklifi SMS vasitəsilə daxil olduqdan sonra bankın istənilən filialına yaxınlaşıb növbəsiz, cəmi bir neçə dəqiqə ərzində krediti əldə etmək olar. Onu da deyim ki, alternativ satış kanalları vasitəsilə müraciət edən müştərilərimiz üçün illik faiz dərəcəsinə 1% endirim olmaqla yanaşı, kreditləri komissiyasız əldə etmək imkanı da yaradılıb.
-Vətəndaşlar Azərbaycan Beynəlxalq Bankından aldıqları nağd pul krediti üzrə borclarını vaxtlı-vaxtında ödəyə bilirləmi?
-Azərbaycan Beynəlxalq Bankında kredit ayrılan zaman vətəndaşların aylıq gəlirləri, ödəniş qabiliyyəti, ən əsası isə bu sahə üzrə qanunvericiliyin tələbləri dəqiqliklə nəzərə alınır. Bu səbəbdən, kredit borclarının ödənişində hər hansı problem özünü göstərmir. Müştərilərin ödəniş qabiliyyətinin hər hansı səbəbdən pisləşməsi müşahidə edildikdə, yaxud müştərinin özü tərəfindən bu barədə müraciət edildikdə isə borcalan Banka dəvət edilir. Yaranmış situasiyadan çıxış yolları müştəri ilə müzakirə olunaraq qərar verilir. Bu cür hallarda kredit restrukturizasiya olunur. Borcalanın ödəniş qabiliyyətinə uyğun yeni ödəniş cədvəli hazırlanır.
-Bir qədər də maarifləndirmə yönümlü suallar: sizcə müştərilər istehlak kreditlərini hansı hallarda almalıdırlar ki, sonra problemlə üzləşməsinlər?
-Çox həssas məqama toxundunuz. Ümumilikdə, son illərin qlobal çağırışlarından biri də insanların həddən artıq borclanmasının qarşısını almaqdır. Bunun üçün müştərilər kredit müraciəti zamanı bir çox məqamlara diqqət yetirməlidirlər. Kredit götürməzdən əvvəl öz gəlirlərini real şəkildə hesablamalıdırlar. Potensial xərclərini proqnozlaşdırmalıdırlar. Hələ qazanılmamış gəlir üzərindən borclanma etmək, yaxud izafi xərclərə yol vermək mütləq öz fəsadlarını göstərəcək. Təəssüflər olsun ki, hazırda kredit götürüb ödənişində çətinlik çəkən müştərilərin əksəriyyəti zamanında düzgün planlaşdırma aparmayıb xərclərini proqnozlaşdıra bilmədiklərindən bu çətinliklərlə üzləşirlər. Amma ümumən kreditdən çəkinmək lazım deyil. Kredit çox effektiv bir maliyyə alətidir. Onun əsas funksiyası iqtisadi inkişafı sürətləndirməkdir. Təsəvvür edin, ailələr pul toplamağa başlasalar ki, bir neçə ildən sonra ev alacaqlar, maşın alacaqlar, televizor alacaqlar, harasa səfər edəcəklər, görün, bundan ötrü nə qədər gözləmək lazım gələr? Belə bir gözləmə müddətində ticarət dövriyyəsi azalar. Bu isə öz növbəsində istehsala və dolayısı ilə sosial-iqtisadi həyatın bütün sahələrinə mənfi təsir göstərər. Ona görə də kredit inkişafın, necə deyərlər, hərəkətverici qüvvəsidir. Onun təməlində də gələcəyə inam dayanır. Sadəcə kredit üçün müraciət edilən zaman müştərilər öz gəlir və xərclərini, ödəniş qabiliyyətlərini, prioritetlərini düzgün müəyyənləşdirməlidirlər. Planlaşdırılmamış borclanmadan çəkinməlidirlər ki, sonra hər hansı sıxıntılar yaşanmasın.
-Kredit borcunu vaxtlı-vaxtında ödəyə bilmədiyini hiss etdikdə, müştəri necə davranmalıdır? Bankla münasibətlərini hansı şəkildə yoluna qoymalıdır?
-Ödəniş qabiliyyəti pisləşdikdə, əfsus ki, bəzi müştərilər çıxış yolunu, ödənişləri tam dayandırıb bankla kommunikasiyalardan yayınmaqda görürlər. Amma bu, çıxış yolu deyil. Ödənişdən yayınmaq və ya imtina etmək problemin həlli deyil. Bu, yanlış düşüncədir. Yaranmış problemlərin real həlli yenə də bankla birgə müzakirələrdən keçir. Müştərilər bu cür hallarda əvvəlcədən banka müraciət etməlidilər. Onlar problemi bankla müzakirə edərək təklif olunan mümkün variantlardan hər hansı birini seçə bilərlər. Vətəndaşlar bilməlidirlər ki, kredit tarixçəsinin korlanması və tarixçədə pis keyfiyyətli kreditlərin görünməsi gələcəkdə onların nəinki özlərinin, hətta yaxın qohumlarının və ailə üzvlərinin də kredit götürməsinə maneə yarada bilər. Ona görə də, hər bir halda bankla fəal kommunikasiyalarda, çətinliklərin həllini birgə axtarmaqda fayda var.