Maliyyə Bazarlarına Nəzarət Palatası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə 21 noyabr 2019-cu il tarixində Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəkidə mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektləri üçün Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (Reyestr) məqsədi, iş prinsipi və üstünlükləri ilə bağlı təlim keçirib.
FED.az xəbər verir ki, sahibkarların və kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri barədə məlumat verilib, bu islahatların məntiqi nəticəsi olaraq ölkəmizin nüfuzlu “Doing Business - 2020” hesabatında 190 ölkə arasında kredit əlçatanlığı indikatoru üzrə 1-ci yerdə qərarlaşması və bu uğurun əldə olunmasında daşınar əmlakın yüklülüyü sahəsində Azərbaycanda aparılan islahatların xüsusi rol oynaması vurğulanıb.
Eləcə də bax:MBNP “Sinqapur Fintech Festival x Switch” tədbirində - İŞTİRAK EDİB
Reyestrin üstünlükləri barədə danışılarkən onun əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib. Bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.
Qeyd edək ki, 21 noyabr 2019-cu il tarixinə Reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600-dən çox, sistemə daxil edilmiş bildirişlərin sayı isə 40 mindən artıq olub.
Daha sonra, KOBİA-nın nümayəndəsi çıxış edərək Agentliyin fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğunu, onun fəaliyyət istiqamətləri və KOB dostu mexanizmi barədə məlumat verib.