Azərbaycan Mərkəzi Bankı (AMB) Mərkəzi Bankların Rəqəmsal Valyutaları (MBRV) ilə bağlı bir neçə istiqamətdə təhlillər aparır və beynəlxaq təcrübəni öyrənir.
FED.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Mərkəzi Bankdan məlumat verilib.
Əlavə edilib ki, hazırda Mərkəzi Bank rəqəmsal valyutalarla bağlı dünyada gedən meyilləri, araşdırmaları və diskusiyaları diqqətlə izləyir:
“Rəqəmsal valyutalar bir neçə cür olur. Özəl rəqəmsal valyutalar (kriptovalyutalar, steyblkoinlər) və Mərkəzi Bankların Rəqəmsal Valyutaları bir-birindən əhəmiyyətli fərqlənir. Hazırda dünyanın bir çox ölkələrində MBRV-lərin buraxılması imkanları araşdırılır. Araşdırmalara görə MBRV-nin çirkli pulların yuyulması və kölgə iqtisadiyyatını məhdudlaşdırması, beynəlxalq maliyyə əməliyyatlarının sürətinin artırılması, mərkəzi bankların iqtisadiyyata təsirinin gücləndirilməsi, maliyyə əlçatanlığının inkişafı kimi üstünlükləri ola bilər”.
Mərkəzi Bank MBRV ilə bağlı qeyd edilən istiqamətlərdə təhlillər aparır:
- Rəqəmsal valyutanın tətbiqi üzrə siyasət, məqsəd və hədəfin dəqiqləşdirilməsi;
- Maraqlı tərəflərin prosesə cəlb olunması;
- Qanunvericilik bazasının təhlili;
- Yeni nəsil texnologiyalardan istifadə potensialı;
- Bazarın hazırlıq səviyyəsi.
MBRV-nın tətbiqi imkanlarının və ilkin şərtlərinin öyrənilməsi məqsədilə digər mərkəzi bankları və beynəlxalq beyin mərkəzləri ilə əməkdaşlıq çərçivəsi də qurulub. MBRV ilə bağlı araşdırma işlərinin effektiv koordinasiyası məqsədi ilə Mərkəzi Bankda xüsusi işçi qrupu yaradılıb.
Mərkəzi Bankdan verilən məlumatda bildirilib ki, Azərbaycanda rəqəmsal ödəniş infrastrukturu inkişaf etdirilib və banklar tərəfindən göstərilən elektron ödəniş xidmətlərinin əhatəliyi və çeşidi artırılıb. Digər tərəfdən, koronavirus pandemiyası və özünütəcrid tədbirləri məsafədən bank xidmətlərinə, elektron ticarətə marağı artırıb ki, nəticədə rəqəmsal ödənişlərdə ciddi artım olub.
“2021-ci ilin birinci rübü ərzində ölkədaxili elektron ticarət vasitəsilə aparılan əməliyyatların ümumi sayı və həcmi 2020-ci ilin anoloji dövrü ilə müqayisədə müvafiq olaraq 45 faiz və 24 faiz artıb.
Hazırda ölkədə fəaliyyət göstərən banklardan 20 bankın mobil bankçılıq və 24 bankın internet bankçılıq xidmətləri təqdim olunmaqdadır. 2021-ci ilin birinci rübü ərzində internet bankçılıq və mobil bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmində artım müşahidə edilib. Belə ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricilərdə müvafiq olaraq 48 faiz və 39 faiz artım olub”.
Qeyd edilib ki, bank sektorunda rəqəmsal transformasiya istiqamətində aparılan fəaliyyətin sürətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi və innovativ həllərin təqdim edilməsi ilə bağlı davamlı tədbirlər görülməkdədir.