"Turan Bank" ASC 2024-cü ilin 3-cü rübünün maliyyə vəziyyətini açıqlayıb.
Faiz gəlirləri 67 milyona çatır
FED.az xəbər verir ki, bank bu rüb 66,7 milyon manat faiz gəliri əldə edib.
Bu ötən ilin III rübü ilə müqayisədə 7,3 milyon manat və ya 12% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 60,2 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 7,7 milyon manata yaxın və ya 15% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 2,1 milyon manata bərabər olub
Faiz xərcləri isə 1,7 milyon manat və ya 5% artaraq 36,1 milyon manat təşkil edib.
Faiz xərcinin də böyük hissəsini - 28,4 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 2,1 milyon manat və ya 8% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 30,3 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 9,1 milyon manat və ya 43% çoxdur.
Qeyri-faiz gəlirləri kəskin artıb
Hesabat dövründə "Turanbank"ın qeyri-faiz gəlirləri 14,8 milyon manat, xərcləri isə 28 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 6,5 milyon manat (79%), xərcləri isə 3,4 milyon manat (14%) artıb.
Qeyri faiz gəlirlərinin 6,8 milyon manatı alınan haqq və komissiya gəlirlərinin, 7,8 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 153 min manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 2,4 milyon manat (56%), xarici valyutadan gəlirlər 4 milyon manat (2 dəfə) digər gəlirlər isə 116 min manat (4,1 dəfə) artıb.
Əmək haqqı xərcləri 15 milyon manata çatır
Əmək haqqı xərcləri 1,8 milyon manat (14%) artaraq 14,7 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 6,1 milyon manat bərabər olub,
Amortizasiya xərcləri 181 min manat (11%) artaraq 1,9 milyon manata, digər xərcləri isə 2 milyon manat (58%) artaraq 5,3 milyon manata bərabər olub.
Rüb ərzində 1,7 milyon manatlıq mənfəət
Bank III rübü 1,7 milyon manat xalis mənfəətlə başa vurub. Bu rübdə mənfəət vergisi ödənilməyib.
Bank böyüyür
"Turanbank" bu ilin III rübündə 851,6 milyon manat aktivlərə malik olub. Aktivlərin 106,2 milyon manatını nağd pul vəsaitləri, 29,3 milyon manatını qiymətli kağızlara yatırımlar təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə aktivlər 28,8 milyon manat (4%) artıb, qiymətli kağızlara yatırımlar 11,9 milyon manat (29%) azalıb.
Kredit portfeli genişlənir
Hesabat dövründə "Turanbank" 650,8 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 21,4 milyon manat (3%) böyüyüb.
Onun da 148,7 milyon manatını istehlak, 373,5 milyon manatını biznes kreditləri, 128,6 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 6,1 milyon manat (4%), biznes kreditləri 5,9 milyon manat (2%), ipoteka kreditləri 9,4 milyon manat (8%) böyüyüb.
Ümumi kredit portfelinin 32,4 milyon manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 618,4 milyon manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 8,5 milyon manat, başqa sözlə 1% artım deməkdir.
Öhdəliklər 750 milyon manatı ötüb
Bankın öhdəlikləri 750,6 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 8,5 milyon manat, başqa sözlə 1% çoxdur.
Depozit portfelinin həcmi 436,9 milyon manat olub ki, onun da 367,1 milyon manatı fiziki, 69,8milyon manatı hüquqi şəxslərin payına düşüb.
Balans kapitalı 20,3 milyon manat və ya 25% artaraq 101 milyon manata yaxınlaşıb.
Bank ötən ilin sonu ilə müqayisədə nizamnamə kapitalını da 20 milyon (25%) artıraraq 100 milyon 6 min manata çatdırıb.