"Kapital Bank" ASC III rüb üzrə maliyyə vəziyyətini açıqlayıb.
Gəlirləri artıb
FED.az xəbər verir ki, bank hesabat rübündə 615 milyon 50 min manat faiz gəliri əldə edib. Gəlirlər son bir ildə 102 milyon 665 min manat başqa sözlə 20% artıb.
Onun da böyük hissəsi - 505 milyon 328 min manat müştərilərə verilmiş kreditlər hesabına əldə oluna gəlirlərdir ki, bu da illik müqayisə ilə 115 milyon 255 min manat (30%) çoxdur.
Faiz xərcləri 80 milyon 651 min manat (2 dəfə) artaraq 158 milyon 630 manata yüksəlib.
Bunun da 114 milyon 642 min manatı depozitlər üzrə xərclərdir ki, bu da illik 58 milyon 773 min manat, (2,1 dəfə) artıqdır.
Beləliklə, xalis faiz gəlirləri 456 milyon 420 min manat olub ki, bu da illik müqayisədə 22 milyon 14 min manat və ya 5% çoxdur.
Qeyri-faiz gəlirləri 442 milyon 44 manat, xərcləri isə 569 milyon 735 min manat olub. Gəlirlər 110 milyon 903 min manat (33%), xərclər 122 milyon 830 manat (27%) artıb.
Qeyri-faiz gəlirlərinin 397 milyon 245 min manatı alınan haqq və komissiya gəlirləri 37 milyon 31 min manatı xarici valyutadan gəlirlərin payına düşüb. Haqq və komissiya gəlirləri 100 milyon 387 min manat (34%), xarici valyutadan gəlirlər 4 milyon 915 min manat (15%) artıb.
Əmək haqqı xərcləri 28 milyon manatdan çox artıb
Hesabat dövründə əmək haqqı xərcləri 28 milyon 42 min manat (18%) artaraq 184 milyon 164 min manata yüksəlib.
Ümumi və inzibati xərclər 54 milyon 964 min manat, amortizasiya xərcləri 31 milyon 239 min manat , digər xərcləri 299 milyon 368 min manat olub. Əvvəlki illə müqayisədə ümumi və inzibati xərcləri 18 milyon 795 min manat (52%), digər xərcləri isə 103 milyon 809 min manat (53%) artıb.
54 milyon 91 min manat mənfəət vergisi ödənişindən sonra "Kapital Bank" 3-cü rübü 166 milyon 73 min manat xalis mənfəətlə başa vurub.
Aktivləri və kerdit portfeli böyüyüb
Ölkənin ən ikinci böyük bankı bu rübdə 10 milyard 277 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 1 milyard 818 milyon manat böyüyüb.
Bankın III rübdə kredit portfeli 1 milyard 198 milyon manat və ya 31% böyüyərək 5 milyard 115 milyon manata yaxınlaşıb.
Ümumi kredit portfelinin 2 milyard 815 milyon manatını istehlak, 1 milyard 689 milyon manatını biznes, 610 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat məbləği 542 milyon 548 min manata bərabər olub. Nəticədə xalis kredit portfeli 4 milyard 572 milyon manat olub.
İllik müqayisədə istehlak kreditləri 667 milyon 311 min manat (31%), biznes kreditləri 460 milyon 29 min manat (37%), ipoteka kreditləri 71 milyon 2 min manat (13%) artıb. Xalis kredit portfeli isə 1 milyard 87 milyon manat və ya 31% böyüyüb.
Müştərilən əmanətləri sürətlə artır...
Bu dövrdə "Kapital Bank"ın öhdəlikləri 9 milyard 371 milyon manata, depozit portfeli isə 7 milyard 938 milyon manat təşkil edib.
Depozit portfelinin 2 milyard 585 milyon manatını fiziki, 5 milyard 352 milyon manatını hüquqi şəxslərin depozitləri təşkil edib.
Son bir il ərzində öhdəliklərdə 1 milyard 765 milyon manat (23%), depozitlərdə təxminən 1 milyard 455 milyon manat (22%), ondan fiziki şəxslərin depozitlərində 724 milyon 524 min manat (39%), hüquqi şəxslərin depozitlərində 730 milyon 89 min manat (16%) artım baş verib.
Bankın balans kapitalı 52 milyon 433 min manat (6%) artaraq 906 milyon 376 min manata yüksəlib.
Kapitalda bölüşdürülməmiş mənfəətin həcmi 578 milyon 886 min manat təşkil edib ki, bu da ötən ilin sonu müqayisədə 50 milyon 157 min manat (9%) çoxdur.