"Expressbank"ASC cari ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, bank 3-cü rübdə 49,6 milyon manat faiz gəliri əldə edib.
Bu ötən ilin III rübü ilə müqayisədə 7,4 milyon manat və ya 18% çoxdur.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 46,2 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 10 milyon manata yaxın və ya 27% artıqdır.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 2 milyon manata bərabər olub.
Faiz xərcləri 2,7 milyon manat (24%) artaraq 14,1 milyon manata yüksəlib.
Faiz xərcinin də böyük hissəsini - 8,1 milyon manatını depozitlər üzrə faiz xərcləri təşkil edib ki, bu da illik müqayisədə 1,2 milyon manat və ya 17% çoxdur.
Beləliklə bankın xalis faiz gəlirləri 35,6 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 4,7 milyon manat və ya 15% çoxdur.
Hesabat dövründə "Expressbank"ın qeyri-faiz gəlirləri 15,3 milyon manat, xərcləri isə 35,4 milyon manat olub.
Qeyri-faiz gəlirləri son bir il ərzində 1,3 milyon manat (9%), xərcləri isə 4 milyon manat (13%) artıb.
Qeyri faiz gəlirlərinin 11,1 milyon manatı alınan haqq və komissiya gəlirlərinin 3,1 milyon manatı, məzənnə dəyişməsi də daxil olmaqla xarici valyutadan gəlirlər, 1,1 milyon manatı isə digər gəlirlər olub.
İllik müqayisə ilə alınan-haqq və komissiya gəlirləri 780 min manat (8%), digər gəlirlər isə 645,5 min manat (2,5 dəfə) artıb.
Əmək haqqı xərcləri 17 milyon manatı keçib
Əmək haqqı xərcləri 2,3 milyon manat (15%) artaraq 17,2 milyon manata yüksəlib.
Bundan başqa ümumi və inzibati xərclər 5,3 milyon manat bərabər olub ki, bu da son bir il ərzində 193 min manat və ya 4% çoxdur.
Amortizasiya xərcləri 1,4 milyon manata bərabər olub, digər xərcləri isə 11,5 milyon manata çatıb.
"Expressbank" 2,3 milyon manat mənfəət vergisi ödənişindən sonra 3-cü rübü 9,2 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bank böyüyür
"Expressbank" bu ilin III rübündə 573,7 milyon manat aktivlərə malik olub. Aktivlərin 41,3 milyon manatını nağd pul vəsaitləri, 29,1 milyon manatını qiymətli kağızlara yatırımlar təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə aktivlər 13,4 milyon manat (2%), nağd pul vəsaitləri 4,5 milyon manat (12%) artıb, qiymətli kağızlara yatırımlar 22,8 milyon manat (44%) azalıb.
Kredit portfeli genişlənir
Hesabat dövründə "Expressbank" 468,2 milyon manat kredit portfelinə malik olub.
Kredit portfelinin həcmi ötən ilin sonu ilə müqayisədə 58,9 milyon manat (14%) böyüyüb.
Onun da 215,4 milyon manatını istehlak, 140,5 milyon manatını biznes kreditləri, 112,3 milyon manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-cü ilin sonu ilə müqayisədə istehlak kreditləri 26,1 milyon manat (14%), biznes kreditləri 27,1 milyon manat (24%), ipoteka kreditləri 5,8 milyon manat (5%) böyüyüb.
Müştərilərin bankdakı əmanətləri artıb
Bankın öhdəlikləri 437,3 milyon manata bərabər olub. Bu illik müqayisə ilə 7 milyon manat, başqa sözlə 2% çoxdur.
Depozit portfelinin həcmi 236,5 milyon manat olub ki, onun da 189,5 milyon manatı fiziki, 47 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 6,1 milyon manat (3%), əhalinin depozitlərində isə 37,4 milyon manat (25%) artım baş verib.
Balans kapitalı 6,4 milyon manat və ya 5% artaraq 136,3 milyon manata yaxınlaşıb.
Bank ötən ilin sonu ilə müqayisədə bölüşdürülüməmiş mənfəətini 6 milyon manat (50%) artıraraq 18 milyon manata çatdırıb.