"AccessBank" ASC 2025-ci ilin ilk rübünün maliyyə göstəricilərini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank bu rübü də xalis mənfəətlə başa vurub - 10 milyon 49 min manat. Bank bu dövrdə 2 milyon 445 min manat mənfəət vergisi ödənişi edib.
Bu dövrdə bankın faiz gəlirləri 58 milyon 983 min manat, xərcləri isə 22 milyon 791 min manat təşkil edib. Gəlirlər 5 milyon 884 min manat (11%), xərclər isə 2 milyon 862 min manat (14%) artıb.
Faiz gəlirlərinin 56 milyon 347 min manatı kreditlər üzrə faiz gəlirləridir ki, bu da illik (12%) çoxdur.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 399 min manat (48%) artaraq 1 milyon 225 min manata yüksəlib.
Bundan başqa banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz
gəlirləri 332 min manata, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 1 milyon 79 min manata bərabər olub.
Faiz xərclərinin 17 milyon 304 min manatı depozitlər üzrə faiz xərcləridir ki, bu da illik 379 min manat (2%) çoxdur.
Bankın cəlb edilmiş kreditlərə görə ödədikləri faizlərin həcmi 2 milyon 531 min manat (93%) artaraq 5 milyon 264 min manata yüksəlib.
Beləliklə, xalis faiz gəlirləri 36 milyon 192 min manat olub ki, bu da illik müqayisədə 3 milyon 22 min manat (9%) çoxdur.
Qeyri-faiz gəlirləri 3 milyon 574 min manat olub.
Qeyri-faiz gəlirlərinin 3 milyon 952 min manatını isə alınan haqq və komissiya gəlirləri təşkil edib. Bu illik müqayisədə 406 min manat (11%) artıqdır.
Xərclərin 12 milyon 43 min manatını əmək haqqı və digər kompensiya növləri üzrə xərclər, 5 milyon 607 min manatını ümumi və inzibati, 2 milyon 49 min manatını amortizasiya, 3 milyon 648 min manatını isə digər xərclər təşkil edib.
İllik müqayisədə əmək haqqı xərcləri 1 milyon 499 min manat (14%), ümumi və inzibati xərclər 240 min manat (4%), amortizasiya xərcləri 218 min manat (12%), digər xərcləri isə 337 min manat (10%) artıb.
"AccessBank" ASC-nin aktivləri ilk rübdə 1 milyard 576 milyon 219 min manat təşkil edib. Aktivlər ötən ilin sonu ilə müqayisədə 90 milyon 925 min manat (6%) artıb.
Bankın kredit portfeli 34 milyon 685 min manat (3%) böyüyərək 1 milyard 186 milyon 235 min manata çatıb.
Kredit portfelinin 245 milyon 608 min manatını istehlak, 924 milyon 246 min manatını biznes, 16 milyon 381 min manatını isə ipoteka kreditləri təşkil edib.
Ötən ilin sonu ilə müqayisədə istehlak kreditlərində 6 milyon 466 min manat (3%) biznes kreditlərində 22 milyon 366 min manat (2%), daşınmaz əmlak kreditlərində isə 5 milyon 853 min manat (56%) artım qeydə alınıb.
"AccessBankın öhdəlikləri 1 milyard 384 milyon 625 min manat təşkil edib. Bu ötən ilin sonu ilə müqayisədə 80 milyon 489 min manat (6%) çxodur.
Bu dövrdə depozit portfeli 1 milyard 60 milyon 152 min manat olub ki, onun da 827 milyon 509 min manatını fiziki şəxslərin əmanətləri, 232 milyon 643 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Son 3 ay ərzində ümumi depozit portfeli 33 milyon 669 min manat (3%), fiziki şəxslərin əmanətləri 20 milyon 27 min manat (2%), hüquqi şəxslərin depozitləri 13 milyon 642 min manat (6%) böyüyüb.
Hesabat dövründə bankın kapitalı 191 milyon 594 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 milyon 436 min manat (6%) çoxdur.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 10 milyon 48 min manat (21%) artıqdır.