Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin iclası keçirilib.
FED.az xəbər verir ki, AMB-nin İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə istehlak qiymətlərinin dinamikasında nəzərəçarpacaq dəyişiklik müşahidə edilməmişdir. Rəsmi statistikaya görə noyabrda illik inflyasiya 2.6% təşkil etmişdir ki, bu da hədəf diapazonunun aşağı həddinə daha yaxındır.
Eləcə də bax:Mərkəzi Bankdan uçot dərəcəsi ilə - BAĞLIQ YENİ QƏRAR
Bütövlükdə, 12 ayda istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməmiş, 15.4%-nin qiyməti aşağı düşmüşdür. Bahalaşan məhsul və xidmətlərin 46.4%-nin qiymət artımı 2%-dən aşağı olmuşdur.
İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda illik əsasda 4.8% artmışdır. Dünya ərzaq qiymətlərində artım meyillərinin güclənməsi inflyasiya idxalı kanalı ilə daxili ərzaq inflyasiyasına təsir göstərən əsas amillərdən biridir. Dünya ərzaq qiymətləri noyabrda əvvəlki aya nəzərən 2.7%, ötən ilin eyni dövrünə nəzərən isə 9.5% yüksəlmişdir. Digər tərəfdən mövsümü amillər bəzi yerli kənd təsərrüfatı mallarının qiymətlərinə artırıcı təsir edir.
Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0.9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir.
Əlverişli xarici şərait, ikitərəfli və çoxtərəfli məzənnələrdə sabitlik, adekvat monetar mühit, inzibati qiymətlərin dinamikası və aşağı inflyasiya gözləntiləri ümumi inflyasiyanın aşağı səviyyədə qalmasını dəstəkləyən başlıca amillərdir.
Faktiki inflyasiyanın aşağı səviyyəsi və milli valyutanın məzənnəsinin dayanıqlığı inflyasiya gözləntilərinin stabil qalmasına imkan verməkdədir. Real sektor monitorinqinin nəticələrinə görə noyabrda əvvəlki aya nəzərən 3 aylıq qiymət gözləntiləri qeyri-neft emal sənayesi, tikinti və xidmət sektorlarında azalma, ticarət sektorunda isə artım meylinə malik olmuş, bütövlükdə indeks neqativ zonada qərarlaşmışdır.
Son meyilləri nəzərə almaqla Mərkəzi Bank cari ilin sonuna inflyasiya proqnozuna azalma istiqamətində təshihlər etmişdir. Yenilənmiş proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın 2.8-3% intervalında olacağını göstərir. Mövcud makroiqtisadi meyillərin davam etməsi halında 2020-ci ildə də inflyasiyanın dinamikasında əhəmiyyətli dəyişikliklər gözlənilmir.