Azərbaycan Respublikasının 31 avqust 2023-cü il sərəncamı ilə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətini (ABB) özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısına daxil edilib.
«ABB İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi - MƏLUM OLDU
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında 31 avqust 2023-cü il tarixdə sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi məqsədilə qərara alınır:
1. “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etsin və aparılacaq təhlillər əsasında aşağıdakılar barədə təkliflərini doqquz ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
2.1. dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması;
2.2. dövlət müəssisələrinin qiymətləndirilməsi, onların öhdəlikləri ilə nizamnamə kapitalları arasında optimal nisbət və investisiya ehtiyacları;
2.3. potensial investorların dairəsi;
2.4. müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla, liberallaşdırılması və inhisarsızlaşdırılması imkanları;
2.5. dövlət müəssisələrinin dövlət nəzarətində saxlanılmalı olan əsas fəaliyyətini müəyyənləşdirməklə, əsas fəaliyyətə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları;
2.6. bu Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əldə edilmiş maliyyə vəsaitinin istifadə istiqamətlərini müəyyənləşdirərək, həmin dövlət müəssisələrinin təşkilati hüquqi formasının dəyişdirilməsi, özgəninkiləşdiriləcək hissələri və dövlət iştirak payının hissəvi satışı üsulları, habelə bununla əlaqədar mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin SİYAHISI:
1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti.
2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:
2.1. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti;
2.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.
4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:
5.1. “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);
5.2. Karbamid zavodu;
5.3. Metanol zavodu.