İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sentyabrın 24-də Pirallahı rayonunda keçirdiyi işgüzar forumda Bakının qəsəbə və kəndlərində fəaliyyət göstərən sahibkarlara 2,6 milyon manat güzəştli kredit verilib.
Nazirliyin mətbuat xidmətindən FED.az-a bildirilib ki, kreditlər əkinçilik, quru süd istehsalı, meyvəqurutma müəssisələrinin yaradılması və sair sahələrə yönəldiləcək, 60-dan çox iş yerinin açılması imkanı yaradacaq.
Eləcə də bax: Sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği - 100 MİLYON MANATI KEÇİB
Tədbirdə çıxış edən Nazir müavini Sahib Məmmədov sahibkarlar və Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığın daha da genişləndirilməsi, sahibkarların maarifləndirilməsi, müraciətlərinin operativ qaydada cavablandırılması, startapların dəstəklənməsi üçün fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb, sahibkarları bu imkanlardan yararlanmağa dəvət edib.
İşgüzar forumda Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan tekstil, çörək və şirniyyat istehsalı müəssisələrinin, logistik mərkəzin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Azərtac