PAŞA Bank bu ilin birinci rübü üzrə hesabatını açıqlayıb. FED.az hesabata istinadən xəbər verir ki, bankın xalis mənfəəti 6 milyon 532 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azdır.
Xarici valyuta üzrə gəlirlər azaldı
Xalis mənfəətinin azalmasının əsas səbəbi xarici valyuta üzrə xalis gəlirlərin 2 milyon 161 min manata düşməsidir. Halbu ki, 2017-ci ilin eyni dövründə bu göstərici əvvəlində 14 milyon 886 min manat təşkil edirdi. Təbii ki, bu amil Mərkəzi Bank ilə kommersiya bankları arasında məznnə fərqinin yüksək olmasından irəli gəlirdi və 4 faizlik spred fərqi aradan qaldrılandan sonra bankların qeyri-faiz gəlirlərinin artmasına səbəb olmuşdu.
Faiz xərcləri düşdü
Cari ilin yanvar-mart aylarında PAŞA Bankın cəmi gəlirləri 47 milyon 98 min manat, faiz gəlirləri 40 milyon 307 min manat, qeyri-faiz gəlirləri 6 milyon 791 min manat təşkil edib. Bank faiz xərclərinə 8 milyon 515 min manat xərcləyib və bu ötən ilin eyni dövrü ilə müqayisə 1,5 dəfə (12 milyon manat) azdır. Bankın müştərilər qarşısında öhdəlikləri artsa da, görünür, depozitlər üzrə fazilərin düşməsi bankın faiz xərclərinin də azalmasına təsir göstərib.
Qeyri-faiz xərcləri yüksəldi
Bankın işçilər üzrə xərvclərində ciddi artım müşahidə edilir. belə ki, ötən ilin birinci rübündə bu kateqoriya üzrə məsrəflər 5 milyon 68 min manat olduğu halda, bu ilin birinci rübündə 9 milyon 637 min manata yüksəlib. Nəticədə qeyri-faiz xərcləri 26 milyon manata qalxıb. Xərclər çıxıldıqdan sonra bankın 7 milyon 664 min manat əməliyyat mənfəəti qalıb. Bu mənfəətdən 1 milyon 132 min manatı isə mənfəət vergisi kimi büdcəyə ödənilib.
Ehtiyata ayırması mənfəətinə də təsir etdi
2017-ci ilin ilk rübündə aktivlər üzrə dəyərsizləşmə üçün ehtiyata ayırma 13 milyon 327 min manat olduğu halda, 2018-ci ilin ilk rübündə 14 milyon 166 min manata qalxıb. Bu amilin də bankın cəmi mənfəətinin azalmasında rolu var.
Kredit portfeli artdı
31 Mart 2018-ci il tarixində PAŞA Bank 3 milyard 707 milyon manat cəmi aktivlərə malik olub. Bunun 148 milyonu törəmə şirkətərə edilən investisiyalar təşkil edir. Aktivlərdə kredit portfelinin həcminin artması müşahidə edilir. Belə ki, müştərilərə verilmiş kreditlər artaraq 977 milyon 875 min manat olub. Halbu ki, 2017-ci ilin 1-ci rübündə portfelin həcmi 867 milyon 969 min manat idi.
Bankın cəmi kapitalı 409,1 milyon manat, cəmi öhdəlik və kapitalı 3 milyard 707 milyon manat təşkil edir. Bankın 333 milyon manat həcmində səhmdar kapitalı, 76 milyon 358 min manat həcmində bölüşdürülməmiş mənfəəti var.
İlhamə Abdullayeva