Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 28 fevral 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 950.8 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 708 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, sektorun balans kapitalı 4 milyard 242.8 milyon manat olub. 2019-cu ilin fevral ayı ərzində bank sektorunun aktivləri 1.2% (348 milyon manat), öhdəlikləri 0.9% (222.3 milyon. manat), balans kapitalı isə 3.0% (125.5 milyon manat) artıb. Bankların kredit portfeli fevral ayında 0.7% (88.9 milyon manat) artaraq 12 milyard 629.9 milyon manat təşkil edib.
2019-cu ilin fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 118.5 milyon manat təşkil edib. Fevral ayında əmanətlər 1.7% (137.8 milyon manat) artıb.
Eləcə də bax: “Bank of Baku” rəhbəri bir sıra bankların bu il birləşməsi ehtimalı olduğunu bildirir
Fevral ayında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon manat təşkil edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 524 olub. Bank sektorunun işçi heyətinin sayında artım fevral ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin fevral ayında işçi sayı 0.5% (95 nəfər) artaraq 17 683 nəfər təşkil edib.