Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı – ABB 2022-ci ilin 1-ci rübünün nəticələrini elan edib.
Faiz gəlirləri sürətlə artır
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 1-ci rübdə ABB-nin faiz gəlirləri 13 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 119 milyon manata çatıb.
Faiz gəlirlərinin böyük hissəsi – 86,4 milyon manatını ayrılmış kreditlər üzrə əldə edilən faizlər təşkil edib (24% artıb).
Qiymətli kağızlara yatırımlardan isə ABB 16,2 milyon manat gəlir əldə edib – 18% artım.
Əmanətçilərə 9,5 milyon faiz ödəyib
Bankın faiz xərcləri isə 16,7 milyon manat təşkil edib. Başqa sözlə, ABB öz faiz xərclərini təkcə qiymətli kağızlardan daxil olan gəlirlərlə bağlaya bilər. ABB-də əmanəti olan müştərilərə 1-ci rübdə 9,5 milyon manat faiz ödənilib. Daha 6 milyon manat bankın qiymətli kağızlar üzrə faiz ödənişlərinə sərf edilib.
Nəticədə bank 1-ci rübü 102,4 milyon manat xalis faiz gəliri ilə başa vurub. Bu ötən illə müqayisədə 23 milyon manat və ya 30%-ə yaxın çoxdur.
Haqq və komissiya gəlirləri 50% yüksəlib
1-ci rübdə ABB-nin qeyri-faiz gəlirləri 2% artaraq 30,6 milyon manata çatıb. Bankın göstərdiyi xidmətlər üzrə haqq və komissiya gəlirləri 50% artaraq 21,6 milyon manatı keçib. Xarici valyuta əməliyyatlarından isə 20,5 milyon manat əldə edilib. Qiymətli kağızların satışı və yenidən qiymətləndirilməsi isə banka 11,8 milyon manata başa gəlib.
26,6 milyon manat əmək haqqı verib
Beynəlxalq Bankın qeyri-faiz xərcləri 30% artaraq 45 milyon manatdan 58 milyon manata yüksəlib. İlk 3 ayda bank əməkdaşlarına 26,6 milyon manat əmək haqqı ödəyib. Ötən ilin eyni dövrü ilə müqayisədə əmək haqqı xərcləri 80% artıb. İnzibati xərclər isə 14% artaraq 4,6 milyon manat olub.
9 milyon vergi, 39 milyon xalis mənfəət
Nəticədə bank 2022-ci ilin 1-ci rübünü 74,1 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Bunun 25,9 milyon manatı mümkün zərərlərdən ehtiyat kimi ayrılıb.
Nəticədə bankın vergidən əvvəlki mənfəəti 48 milyon 188 min manat olub. ABB 1-ci rübün nəticələrinə görə 9 milyon manat mənfəət vergisi ödəyib. Beləliklə, rübün yekunu olaraq Bankın xalis mənfəəti 39,2 milyon manat olub.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 8 milyon manat və ya 21% artıqdır. Xatırladaq ki, 2021-ci ilin 1-ci rübünü ABB 32,4 milyon manat xalis mənfəətlə bağlamışdı.
11,6 milyard manatlıq aktivi var
2022-ci ilin 1-ci rübündə ABB Bankın aktivləri 166 milyon manat artaraq 11 milyard 650 milyon manata çatıb. Bu dövrdə bank nağd vəsaitlərinin bir hissəsini banklara və digər maliyyə qurumlarına yerləşdirib. Nəticədə nağd vəsaitlərin həcmi 6,4 milyard manatdan 4,3 milyard manata enib, banklardakı depozitlər isə ilin əvvəlindəki 472 milyon manatdan 2 milyard 480 milyon manata yüksəlib.
Biznes kreditləri 100 milyon manat artıb
Beynəlxalq Bank bu ilin 1-ci rübündə kredit portfelini ən çox böyüdən banklardandır. İlk 3 ayda bankın kredit portfeli 179 milyon manat artaraq 3 milyard 278 milyon manata yaxınlaşıb.
Kredit portfelinin artımının təqribən 100 milyon manatı biznes kreditlərinin payına düşüb.
İstehlak kreditləri 53 milyon, daşınmaz əmlak kreditləri isə 29 milyon manat artıb.
2022-ci ilin 1-ci rübündə Beynəlxalq Bank qiymətli kağızlara investisiyaları 160 milyon manat artıraraq 1 milyard 523 milyon manata qaldırıb.
Hüuquqi şəxslərin «ABB-yə axını»
Bankın öhdəlikləri isə 127 milyon manat artaraq 10 milyard 173 milyon manata yüksəlib. Bu dövrdə bankın depozit portfeli 576 milyon manat və ya 7% artaraq 8 milyard 837 milyon manata yüksəlib.
Bankda fiziki şəxslərin əmanətləri 237 milyon manat və ya 18% artaraq 1 milyard 520 milyon manata yüksəlib.
Bankdakı hüquqi şəxslərin əmanətləri isə 339 milyon manat və ya 4,8% artıb.
Qiymətli kağızlar üzrə öhdəliklərini 76 milyon manat «yüngülləşdirib»
Bu ilin 1-ci rübündə ABB-nin qiymətli kağızlar üzrə öhdəlikləri 76,5 milyon manat azalaraq 692 milyon manata enib.
Bankın digər öhdəlikləri də 360 milyon manat azalaraq 638 milyon manatdan 278 milyon manata enib.
Bankın kapitalı 1,5 milyard manata yaxınlaşdı
Rübün nəticələrinə, o cümlədən 39 milyon manat xalis mənfəətə uyğun olaraq bankın kapitalı da bir o qədər artaraq 1 milyard 476 milyon manata yüksəlib. Bunun 1 milyard 225 milyon manatı nizamnamə kapitalı, 100 milyon manat bölüşdürülməmiş mənfəət, 150 milyon manat isə ümumi ehtiyatlardır.