Azərbaycanın maliyyə sektorunda mühüm islahatlardan biri hesab olunan "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.
Azərbaycanda lizinqlərə nəzarət gücləndiriləcək
Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Tural Feyzullayev FED.az-a eksklüziv müsahibəsində yeni qanunun gətirdiyi yeniliklər, sektorun tənzimlənməsi və icarəçilərin qorunması mexanizmlərindən danışıb.
«Yeni qanun maliyyə icarəsi alətinin effektiv tətbiqi üçün daha aydın və güclü hüquqi baza yaradır».
-Tural müəllim, "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsi Mərkəzi Bankın 2024–2026cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasındakı hansı hədəflərə xidmət edir?
AMB: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- “Maliyyə icarəsi haqqında” Qanun 2024–2026cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasında bir sıra təşəbbüslər və fəaliyyətlərlə əlaqəlidir. Ancaq spesifik bir tədbir qeyd etsək, bu Qanun bazarın genişləndirilməsi təşəbbüsündən irəli gələrək Alternativ maliyyələşdirmə alətlərin tətbiq imkanlarının genişləndirilməsinə xidmət edir və bu tədbir üzrə xüsusi önəm kəsb edir. Çünki əsas məqsədlərdən biri maliyyə sektorunun əhatəliliyin artırılması və şaxələndirilməsidir.
Ənənəvi deyimlə lizinq, yeni Qanunla maliyyə icarəsi alternativ maliyyələşdirmə alətlərindən biri kimi çıxış edir. Bu alət xüsusilə kiçik və orta biznesin maliyyəyə çıxışını asanlaşdırır və ümumilikdə iqtisadiyyatda aktivliyi artırır. Yeni qanun bu alətin effektiv tətbiqi üçün daha aydın və güclü hüquqi baza yaradır.
- Yeni layihədə “lizinq” anlayışının “maliyyə icarəsi” ilə əvəz edilməsi zərurəti nədən ibarətdir?
- Bu Qanunun hazırlanmasında əsas məqsədlərdən biri vahid və beynəlxalq təcrübəyə uyğun yanaşma ilə hüquqi müəyyənliyin təmin edilməsi və praktikada yaranan mübahisəli məqamlara son qoyulmasıdır. İndiyə qədər mülki hüquqi münasibətlərdə “lizinq” adı altında maliyyə icarəsi və əməliyyat icarəsi əməliyyatlarının fərqləri aydın olmurdu. Bu isə həm mülki hüquqi münasibətlərdə qeyrimüəyyənliyə, həm də məhkəmə praktikasında uyğunsuzluqlara səbəb olurdu. İndi anlayışlar beynəlxalq standartlara uyğunlaşdırılır. Beləliklə sözügedən dəyişiklik həm yerli, həm də xarici tərəflər üçün hüquqi müəyyənliyin bərqərar olmasına zəmin yaradacaqdır.
- Tural müəllim, layihədə icarəyə verənlər üçün kapital tələblərinin müəyyən edilməsi nəzərdə tutulurmu?
- “Maliyyə icarəsi haqqında” Qanunda ən önəmli yeniliklərdən biri maliyyə icarəsi fəaliyyəti üzrə təşkilati, kapital və prudensial tələblərin müəyyənləşdirilməsidir. Qanunla maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq imkanı yalnız yerli hüquqi şəxslər və xarici hüquqi şəxsin yerli filialı üçün nəzərdə tutulur. Buradan irəli gələrək maliyyə icarəsi fəaliyyəti ilə məşğul olacaq şəxslər üçün minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olma tələbi gətirilmiş və bu vəsaitlərin minimum məbləği, formalaşdırılması, hesablanması qaydası, strukturu və tərkibi ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməsi təsbit edilmişdir. Nəticədə maliyyə icarəsi fəaliyyətinin dayanıqlı və etibarlı olması təmin ediləcəkdir.
- Qanun layihəsində maliyyə icarəsi müqaviləsi ilə bağlı hansı xüsusi tələblər var və risklər tərəflər arasında necə bölünür?
- Bəli. Layihədə icarəyə verən, icarəçi və satıcı arasında maliyyə icarəsi münasibətlərinin qurulmasının xüsusiyyətləri, maliyyə icarəsi müqaviləsinin forması, tərəflərin hüquq və vəzifələri, tərəflərin öhdəliklərindən irəli gələrək maliyyə icarəsi obyektinə tutma yönəldilməsinin xüsusiyyətləri tənzimlənmişdir. Qeyd edilən tənzimləmələr həm maliyyə icarəsi münasibətlərinin təhlükəsizliyi artıracaq, həm də tərəflər arasında etibarı gücləndirəcəkdir.
Maliyyə icarəsi obyektinin zərərdən qorunması ilə bağlı məsuliyyəti, müqavilə ilə ayrı qayda nəzərdə tutulmamışdırsa, icarəçi daşıyır. Satıcının öhdəliklərini yerinə yetirməməsi və ya müflisləşməsi ilə bağlı riski isə satıcını seçən tərəf daşıyır. İcarəçi, həmçinin istifadə prosesində üçüncü şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərər üzrə öz məsuliyyətini sığortalamalıdır.
- İcarə obyektinə digər kreditorların tutma yönəltməsi halında icarəçinin hüquqları necə qorunur?
- Maliyyə icarəsi obyektinə tutma yönəldilməsi ilə bağlı məsələlər ayrıca olaraq tənzimlənir. Müqavilənin qüvvədə olduğu müddət ərzində icarəyə verən obyektlə bağlı tələb irəli sürə bilməz. Eyni zamanda, icarəçinin öhdəlikləri üzrə üçüncü şəxslərin tələbləri obyektə yönəldilə bilməz.
İcarəyə verənin kreditorlarının tələbləri yalnız onun bu Qanundan və müqavilədən irəli gələn hüquqlarına yönəldilmiş hesab olunur. Sadə dillə desək, maliyyə icarəsi obyekti icarəçidən alınmır, sadəcə olaraq icarəyə verən kimi yeni kreditor müəyyən edilir. Bu tələb icarəyə verənin müflis elan olunduğu halda da tətbiq edilir.
«Maliyyə icarəsi fəaliyyəti artıq Mərkəzi Bankın tənzimləmə və nəzarət çətirinə daxil olacaq».
- Mərkəzi Bankın bu sahədə səlahiyyətləri nədən ibarət olacaq və nəzarət tədbirləri necə həyata keçiriləcək?
- Layihəyə əsasən icarəyə verənlərin (yəni lizinqə pul götürənlərin FED.az) maliyyə hesabatlığı Beynəlxalq Standartlara (IFRS) uyğun aparılacaq və auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim ediləcəkdir.
Bu Qanunla maliyyə icarəsi fəaliyyəti Mərkəzi Bankın tənzimləmə və nəzarət çətirinə daxil olacaqdır. Şəxslər yalnız Mərkəzi Bank tərəfindən formalaşdırılmış reyestrə daxil edildikdən sonra bu fəaliyyətlə məşğul ola biləcəklər. Mərkəzi Bank hesabatlar alacaq, monitorinq və yoxlamalar aparacaq, şikayətlərə baxacaq və pozuntularla bağlı icrası məcburi göstərişlər verəcəkdir.
- İcarəçilərin (yəni lizinqə pul götürənlərin FED.az) borc yükünün tənzimlənməsi və adlardan qanunsuz istifadəyə qarşı hansı addımlar atılır?
- İcarəyə verənlərin kredit tarixçəsi məlumatlarını kredit bürosuna verməsi tələbi təsbit edilmişdir. Bu, həm informasiya asimmetriyasını aradan qaldırır, həm də icarəçinin borc yükünün düzgün müəyyənləşdirilməsinə xidmət edir.
"Lizinq" və ya "maliyyə icarəsi" adından istifadənin tənzimlənməsi isə icarəçilərin qorunmasına yönəlib. Yalnız rəsmi reyestrdə olanlar bu adlardan istifadə edə biləcək. Hazırda fəaliyyətdə olan lizinq şirkətlərinə qanun qüvvəyə mindikdən sonra 9 ay keçid müddəti veriləcəkdir. Bu müddətdə uyğunlaşma təmin edilməzsə, həmin şəxslər yeni müqavilələr bağlaya bilməyəcək və adlarından müvafiq sözləri çıxarmalı olacaqlar. Eksinə davrananlar qanunvericiliyə uyğun məsuliyyət daşıyacaqlar.








![Mərkəzi Bank lizinq fəaliyyətini nəzarətə götürür - Yeni qanun bu sahədə nəyi dəyişəcək? – AMB-nin Baş direktoru ilə - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/2362181.jpg)
![Mərkəzi Bank lizinq fəaliyyətini nəzarətə götürür - Yeni qanun bu sahədə nəyi dəyişəcək? – AMB-nin Baş direktoru ilə - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/1537273.jpg)
![Mərkəzi Bank lizinq fəaliyyətini nəzarətə götürür - Yeni qanun bu sahədə nəyi dəyişəcək? – AMB-nin Baş direktoru ilə - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/3758658.jpg)
![Mərkəzi Bank lizinq fəaliyyətini nəzarətə götürür - Yeni qanun bu sahədə nəyi dəyişəcək? – AMB-nin Baş direktoru ilə - [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/4683870.jpg)









