Bu il yanvarın 1-nə “Nikoyl Bank”ın nizamnamə kapitalı 220 milyon manat təşkil edib. FED.az xəbər verir ki, əsas səhmdarı qismində çıxış edən Lukoyl şirkətinin sərmayə yatırımından sonra “Nikoyl Bank” hazırda nizamnamə kapitalının həcminə görə Azərbaycanda ən böyük bankdır. Ümumilikdə ötən il bankın balans kapitalı 84,8%, nizamnamə kapitalı isə 19,2% artıb. Hazırda balans kapitalı 74 milyon 965 manata, məcmu kapitalı isə 95 milyon 597 min manata yüksəlib. Məcmu kapitalın adekvaktlıq əmsalı isə 25,59% olub ki, bu da banklar arasında yaxşı göstərici hesab olunur.
Bankın aktivləri 437,331 milyon manat, depozit portfeli 229 milyon 225 min 64 manat olub. Ümumilikdə kredit portfelinin kişilməsi digər banklar kimi Nikoyl Bankdan da yan keçməyib. Bankın müştərilərə verdiyi kreditin həcmi azalaraq 218 milyon 94 milyon manata düşüb.
Eyni zamanda bankın öhdəlikləri də azalıb və 2017-ci ili 362 milyon 364 min 63 manatla başa vurub. Qeyd edək ki, ötən ildə bank 25 milyon 501 min manat dəyərində qiymətli kağızlar da buraxıb.
Hesabata əsasən, bankın əməliyyat mənfəəti 28 milyon 503 min manat təşkil etsə də, ili 2 milyon 708 min manat zərərlə yekunlaşdırıb. Bu isə o deməkdir ki, bank 2016-cı illə müqayisədə zərərini 55 dəfə azaldıb.
Ötən il “Nikoyl Bank”ın faiz gəlirləri 66 milyon 682 min manat, faiz xərcləri 19 milyon 688 min manat, qeyri-faiz gəlirləri 3 milyon manat, qeyri-faiz xərcləri 22 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 31,198 milyon manat təşkil edib.