Qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlılığını təmin etmək və əmanətçilərin bank sisteminə etibarını artırmaq məqsədilə Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış “Əmanətlərin tam sığortalanması haqqında” Qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib. Lakin artıq dekabrın 11-də ölkə parlamenti tərəfindən sözügedən qanunun müddətinin daha 4 ay artırılmasına dair layihəni birinci oxunuşda qəbul edib. Belə ki, 2020-ci ilin dekabrın 4-dən 2021-ci ilin aprelin 5-dək əmanətlər tam olaraq sığortalanacağı gözlənilir.
Eləcə də bax: Sahibkarların bank hesablarındakı 20 min manatadək pul qorunan əmanətlərə - Aid Edilir
Bundan başqa, dördaylıq müddət bitəndən sonra fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması, sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə, həmçinin notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanmasına dair qanun layihəsi birinci oxunuşda qəbul edilib.
FED.az xəbər verir ki, qanunun müddətinin yenidən uzadılmasını və onun ölkənin bank sisteminin inkişafı üçün əhəmiyyətini “AccessBank”ın hüquq məsələləri və komplayens üzrə icraçı direktoru Əfqan Baxışov şərh edib.
Bank sektorunun həm pandemiyanın, həm də hərbi vəziyyətin təsirlərinə məruz qalması fonunda Qanunun müddətinin uzadılması təşəbbüsünü düzgün və zəruri addım hesab edən ekspert onu da bildirib ki, bu, həm insanlarda rahatlığı artıracaq, həm də banklara işlərini daha optimal planlaşdırmağa imkan verəcək.
Ə. Baxışov əmanətlərin tam sığortalanması mexanizminin azsaylı ölkələrdə tətbiq edildiyini xatırladıb: “Dövlətlər belə mexanizmlərdən istifadə etməklə insanlarda əminlik yaradır ki, onlarda olan pul vəsaitlərini özlərində heç bir əlavə qazanc gətirmədən saxlamaq əvəzinə banklara əmanət kimi qoymaq daha sərfəlidir. Belə ki, dövlət tam təminat verir ki, əmanətini müəyyən olunmuş faiz həddi çərçivəsində bankda yerləşdir və əgər bank onu qaytara bilməsə dövlət tam məbləğdə geri qaytaracaq. Azərbaycanda son ləğv olunan banklarda biz bunu müşahidə etdik və dövlət tərəfindən sığortalanmış əmanətlər üzrə kompensasiyalar çox qısa müddətdə qaytarıldı. Lakin nəzərə almaq lazımdır ki, bu mexanizm çox böyük maliyyə vəsaiti tələb edir. Yəni bunun tətbiq edən ölkələrin geniş maliyyə resursları olmalıdır. Həmçinin, bu mexanizmin uzunmüddətli tətbiqi əmanətçilərdə bankların seçimində maraqsızlığı artırmaqla yanaşı, maliyyə vəziyyəti nisbətən aşağı olan banklarda əmanətlərin çoxalmasına da səbəb ola bilər. Bu isə, öz növbəsində, insanların deyil, dövlətin sığortaçı kimi maliyyə itkisinə səbəb olması riskini artırır”.
Qanun çərçivəsində kompensasiya məbləğinin 30 min manatdan 100 min manatadək artırılmasını mühüm hadisə hesab edən ekspert onu da bildirib ki, tam sığortalanma mexanizminin tətbiqi bitəndən sonra əmanətçilər daha uzun müddətə 100 min manatadək əmanətlərini müəyyən faiz həddini nəzərə almaqla banklara rahat şəkildə yerləşdirə biləcək. Bununla da banklarda əmanətlərin məbləği artacaq. Bu, banklarda əmanətlər üzrə vaxt, inzibati xərclərin optimallaşdırılmasına da müsbət təsir edəcək.
20 min manatdan çox olmamaq şərti ilə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti üçün olan bank hesablarının qorunması məsələsinə toxunan Ə. Baxışov qeyd edib ki, hər bir əlavə təminat, sığortalanma dövlət üçün müəyyən xərclər deməkdir. Bu cür xərclərin formalaşdırılması ciddi şəkildə əsaslandırılır: “Dövlət tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesablarının sığortalanma mexanizminə daxil edilməsi sığortalamanın əhatə dairəsini genişləndirən müsbət bir yenilikdir. Hesab edirəm ki, belə bir sığortalanma fərdi sahibkarların da banklara etibarını artıracaq, banklarda onların vəsaitlərinin ən azı 20 min manatadək məbləğdə rahat şəkildə saxlamalarını həvəsləndirəcək. Bütün qeyd edilən tədbirlər maliyyə şəffaflığının da təmin edilməsində əhəmiyyətli addımlardandır”.
Notariusun depozit hesabına mədaxil edilən fiziki şəxslərə məxsus vəsaitlərin də qorunan sayılması məsələsini şərh edən ekspert xatırladıb ki, daşınmaz əmlakların alqı-satqısı zamanı ödənişlərin notariusun depozit hesabı ilə aparılması qanunvericiliyin tələbidir. Yəni bu əməliyyatların belə aparılması icbaridir: “Notariusların depozit hesabları banklarda olur. Həmin hesablardakı vəsaitin böyük hissəsi fiziki şəxslərin aralarında olan daşınmaz əmlakın alqı-satqısı ilə bağlıdır və əməliyyatın sonunda satıcı tərəfindən götürülür. Bunları nəzərə alaraq demək olar ki, həmin vasitələr də fiziki şəxslərindir və onların da sığortalanması insanlarda notariat əməliyyatları zamanı vəsaitlərini alacaqlarına tam əminliyi təmin edir. Odur ki, bu cür təminatın dövlət tərəfindən verilməsi ədalətli və zəruri addımdır”.
Ölkədə əmanətlərin tam sığortalanmasının müddətinin bitməsinin əhalinin banklardakı əmanətlərinə mənfi təsirini aşağı qiymətləndirən ekspert kompensasiya məbləğinin 100 min manatadək artırılmasının bank sistemində dayanıqlığı əhəmiyyətli dərəcədə təmin edəcəyinə əmin olduğunu bildirib: “Artırılan məbləğ əmanətçilərin böyük hissəsini əhatə edir. Daha iri əmanət sahibləri isə daha dayanıqlı bank sistemində rahat şəkildə istədiyi bankı qiymətləndirərək seçəcək. Etiraf etmək lazımdır ki, bu gün banklarda daha böyük əmanət yerləşdirən şəxslər həm də bankın səhmdarlarının tərkinə və stabilliyinə nəzərə alaraq əmanət yerləşdirirlər. Bu faktor da iri əmanətlərin azalmayacağını deməyə əsas verir”. (Apa)