Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında Bank sistemi üzrə kredit riski məsələsinə də yer ayrılıb.
Bank sektorunun kreditləşmə fəaliyyətində yüksək aktivlik davam edib
FED.az hesabata istinadən xəbər verir ki, cari ilin birinci yarısında kredit riskləri üzrə əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir. 2024-cü ilin ilk yarısı ərzində qeyri-işlək portfelin(QİK) həcmi mütləq ifadədə 9.5% (58 mln. manat) artaraq 0.7 mlrd. manat təşkil etmişdir.
QİK portfelinin gecikmə günləri üzrə strukturunda 1 ildən çox gecikmiş kreditlərin portfeldə payı azalmaqda davam edir. 2017-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması fonunda 1 ildən artıq gecikmiş qeyri-işlək kreditlərin portfeldə payı 11.3 f.b. azalaraq 12.7%-dən 1.4%-ə enmişdir. 1 ildən yuxarı gecikmədə olan kreditlərin portfeldə payının azalmasına həmçinin banklar tərəfindən ümidsiz kateqoriyasında təsnifləşdirilmiş kreditlərin balansdan silinməsi müsbət təsir edir.
2024-cü ilin ilk yarımili ərzində biznes portfeli üzrə kredit risklərində nəzərəçarpan dəyişiklik olmamışdır. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə QİK-nin həcmi 7% artaraq 406 mln. manat təşkil etmişdir. Buna baxmayaraq, yeni verilən biznes kreditlərinin artım tempi qeyri-işlək kreditlərin artım tempini üstələdiyindən QİK əmsalı 0.1 f.b. azalaraq 2.9% təşkil etmişdir. QİK portfelinin biznesin sahələri üzrə dinamikasına da nəzər yetirdikdə kredit risklərində stabillik müşahidə edilir
İstehlak portfeli üzrə kredit riskləri diqqətdə saxlanılır. 2024-cü ilin ilk yarısında istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 15% artaraq (30 mln. manat) 226 mln. manat olmuşdur. Buna baxmayaraq, ötən ilin sonu ilə müqayisədə istehlak kreditlərinin artım tempi də yüksək olduğundan, QİK əmsalı cəmi 0.2 f.b. (faiz bəndi) artaraq 3%-ə yüksəlmişdir. Qeyd edilib ki, istehlak kreditlərinin 52%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilmişdir.
İstehlak portfelinin artımı əsasən BGN>45% hesabına formalaşır. 2024-cü ilin ilk yarısında istehlak kreditləri üzrə artımın 53%-i (260 mln. manat) BGN>45% hesabına formalaşmışdır ki, bunun da əsas hissəsi 60%<BGN<70% üzrədir. İstehlak kreditləri üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən prudensial siyasət əhalinin sağlam və məsuliyyətli borclanmasının təminatına, o cümlədən sektorun potensial təhdidlərdən qorunmasına hədəflənmişdir. Requlyativ çərçivəyə edilən dəyişikliklər əsasında BGN əmsalının yuxarı həddi üzrə 70% səviyyəsində imperativ limit müəyyən edilmiş, və yüksək BGN göstəricisi (BGN>45%) olan istehlak kreditləri üzrə risklərin azaldılması məqsədilə BGN əmsalına əsaslanan ehtiyatlanma tələbləri və risk dərəcələri sərtləşdirilmişdir.
Hesabtda deyilir ki, əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, yüksək kreditləşmə tempi nəticəsində əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir. Əhalinin borclanması dinamikası Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır.
İpoteka portfeli üzrə QİK əmsalı son illərin ən aşağı həddindədir. 2024-cü ilin ilk yarısında ipoteka portfeli üzrə QİK-nin nominal həcmi 1.8% (0.72 mln. manat) artaraq 40 mln. manat təşkil etsə də, qeyri-işlək kreditlərin portfeldə payı 0.1 f.b azalaraq 1% olmuşdur.