Azərbaycan Beynəlxalq Bankının fiziki məhdudiyyətli gənclərlə birgə həyata keçirdiyi
“Kitabı dinlə” korporativ sosial məsuliyyət layihəsi “International CSR Excellence Award”
mükafatına layiq görülüb. Mərkəzi ofisi Londonda yerləşən təşkilati komitə mükafatı banka
təqdim edib.
“International CSR Excellence Award” mükafatının məqsədi dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən aparıcı biznes qurumlarının sosial məsuliyyət layihələrini
dəstəkləmək, onları öz əsas funksiyaları ilə yanaşı, digər sahələrdə də cəmiyyətə ictimai
fayda verməyə ruhlandırmaqdır. “International CSR Excellence Award” haqqında daha
ətraflı: https://csrawards.co.uk
Bu il “International CSR Excellence Award” mükafatlarını qazananlar sırasında Böyük
Britaniyanın aparıcı energetika şirkətlərindən “Northern Gas Networks”, “British Gas”,
xidmət sektorunda fəaliyyət göstərən “Morgan Sindall”, “McGee” şirkəti, Səudiyyə
Ərəbistanının SAUDI ARAMCO şirkəti, İsveçrənin “IWC SCHAFFHAUSEN” kompaniyası və
s. bu kimi tanınmış qurumlar var. Ötən illərdə bu yüksək mükafat “Coca-cola”, “Shell”,
“Warner Bros”, “Türkcell” kimi şirkətlərə də verilib.
Azərbaycan Beynəlxalq Bankının fəaliyyətində korporativ sosial məsuliyyət layihələri
mühüm yer tutur. Bank son illər cəmiyyətdə maliyyə savadlılığının artırılması, tarixi-mədəni
dəyərlərimizin təbliği, gənclərin fərdi inkişafı və məşğulluğuna kömək, startap ideyalarının
dəstəklənməsi və s. bu kimi sahələrdə öz tərəfdaşları ilə birgə müxtəlif maraqlı sosial
məsuliyyət layihələri həyata keçirib və bu layihələrin bir qismi indi də davam etməkdədir.
“Kitabı dinlə” layihəsi isə ana dilimizdə elektron resursların yaradılmasına və fiziki
məhdudiyyətli gənclərimizin cəmiyyətə fəal inteqrasiyasına dəstək məqsədi daşıyır. Layihə
çərçivəsində Azərbaycan dilində bir sıra kitabların audiovariantı hazırlanıb. Səsli kitablar
www.kitabidinle.az portalında yerləşdirilib. Kitabları bu portaldan yükləmək, yaxud onlayn
qaydada dinləmək olar.
Xatırladaq ki, “Kitabı dinlə” layihəsi bu il Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və digər müvafiq qurumların birgə
təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq keçirilmiş Korporativ Sosial Məsuliyyət (KSM)
layihələri üzrə ümumrespublika müsabiqəsinin də qaliblərindən olub. Layihə “Təhsildə
inklüzivliyin təmin edilməsi” nominasiyası üzrə ilin layihəsi seçilib.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə
məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937
nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Beynəlxalq Bankının sosial layihəsi - BEYNƏLXALQ MÜKAFAT QAZANDI
12:10
2 Avq 2019