Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının ümumi yığıncağı keçirilib.
FED.az-a daxil olan məlumata görə, yığıncaqda Bankın Müşahidə Şurasının (MŞ) tərkibində dəyişiklik edilib.
Ölkə prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayevi MŞ-da Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov əvəz edib. Toplantıda MŞ-nın Əsasnaməsi də təsdiqlənib. Şuranın və Audit komitəsinin işlərinin təşkili ilə bağlı digər məsələlərə baxılıb, o cümlədən Audit Komitəsinin yeni tərkibi formalaşdırılıb. Azad Məmmədov Audit Komitəsinin sədri, Zamiq Məmmədov və Vüqar Bədəlov isə Komitə üzvləri təyin edilib.
Eyni gündə MŞ-nın da növbəti iclası olub. İclasda əvvəlcə ABB-nin 2018-ci ilin 4 ayı üzrə maliyyə nəticələrinə dair hesabat dinlənilib. Sonra MŞ-nın səlahiyyətlərinə aid olan kredit müraciətlərinə və digər bir sıra məsələlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.