Fitch Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb. Bankın uzunmüddətli defolt reytinqi (IDR) Sabit proqnozdan Pozitiv proqnoza dəyişdirilməklə “B-” səviyyəsində təsdiqlənib.
ABB-dən FED.az-a verilən məlumata görə, Fitch hesab edir ki, növbəti 12 ay ərzində Azərbaycan Beynəlxalq Bankının kredit profili daha da yaxşılaşacaq. Agentliyin rəyinə görə, bankın uzun və qısamüddətli IDR reytinqləri, həmçinin dayanıqlılıq reytinqi bankın aktivlərinin aşağı risk səviyyəsində olmasını, yüksək likvidliyini və gəlirliliyinin artmasını əks etdirir.
Açıqlamada o da göstərilir ki, 2018-ci ilin nəticələrinə görə bankın kredit portfeli 9% artmışdır. Agentlik ekspertlərinin fikrincə, yeni Strateji Planı üzərində işi başa çatdırıldıqdan sonra bankın kredit portfelinin artımı daha sürətlə davam edə bilər.
Eyni zamanda, bankın aktivlərinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması, aşağı maliyyələşmə xərcləri, xərclərin optimallaşdırılması, mənfəətlilik mövqeyinin bərpası bankın kapital göstəricilərini daha da yüksəltmişdir. Beləliklə, Bankın əsas kapitalı Fitch agentliyinin müvafiq metodologiyasına əsasən (Fitch Core Capital) 37% təşkil edib.
Fitch ekspertlərinin təhlillərinə görə, Azərbaycan Beynəlxalq Bankının açıq valyuta mövqeyinin bağlanması halında bankın müvafiq reytinqləri yenidən yüksəldilə bilər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Beynəlxalq Bankın reytinqi yüksəldildi - RƏSMİ AÇIQLAMA
20:33
24 May 2019