Xəbər verildiyi kimi, fevralın 12-də Bakıda keçirilən “Visa Cashless Forum”da Azərbaycan Beynəlxalq Bankı (ABB) Azərbaycan üçün ilk olan növbəti innovativ yeniliyini müştərilərinə təqdim edib.
Eləcə də bax: Azərbaycanda üzüklə ödəniş etmək - MÜMKÜN OLDU
FED.az xəbər verir ki, bu Ring Pay ödəniş üzükləridir. Belə ki, artıq nağdsız ödənişləri digər vasitələrlə yanaşı, barmaqdakı üzüklə də təmassız qaydada həyata keçirmək olar. Üzük adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək mümkündür. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ring Pay ödəniş üzüyünü yaxın günlərdə şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının yaxınlıqdakı istənilən filial və ya şöbəsindən əldə etmək mümkündür.
ABB-dən FED.az-a bildirilib ki, üzüklərin satışına yaxın vaxtlarda, artıq mart ayından başlanacaq.
Üzüklər özü ayrıca bir kart funksiyasını yerinə yetirir, yəni onların içərisinə çip yerləşdirilib və müstəqil olaraq ödəniş vasitəsi kimi istifadə edilir. Amma onu alan müştərilərə üzüklə yanaşı, əlavə olaraq «Visa Platinum» və ya «Infinite» kart təqdim olunacaq. Kart və üzük eyni hesaba bağlı olacaq. Yəni fiziki olaraq kartın tələb olunduğu yerlərdə həmin kartdan istifadə ediləcək.
Üzüyün qiyməti «Platinum» kartla 300 AZN, «İnfinite» kartla 600 AZN olacaq.
Üzüklə təmassız ödəniş qaydaları adi kartlarda olduğu kimidir - 50 manata qədər «pin kod»suz, 50 manatdan yuxarı isə pin kod daxil etməklə əməliyyat aparıla bilər.
Üzüklər bütün ölçülərdə olacaq, rəngləri isə ağ-qaradır.