Xəbər verdiyimiz kimi, 14 mart 2018-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir.
FED.az banka istinadən xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunduğundan İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.
Abbas İbrahimov kimdir?
Abbas İbrahimov, 1981-ci il, iyul ayının 11-dən anadan olub. 1994-1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. Ali təhsilini dövlət xətti ilə Türkiyədə almışdır.1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili almışdır. ABŞ-ın CFA (Chartered Financial Analyst) İnstitutu tərəfindən təşkil olunan CFA proqramının 2 səviyyəsini tamamlamış, proqramın son səviyyəsinə namizəddir.
Azərbaycanda bank sahəsində peşəkar fəaliyyətinə 2005-ci ilin sentyabr ayında “Bank of Baku”da Tədqiqat şöbəsinin mütəxəssisi vəzifəsindən başlamış, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlmişdir.
Bank of Baku-da İdarə Heyəti Sədrinin Müavini, Riteyl biznes sahəsinin rəhbəri vəzifəsində çalışmışdır.
2015-ci ildə "Bank of Baku"nun İdarə Heyətinin sədri vəzifəsinə keçmişdir. 2016-cı ilin dekabr ayında Bank of Baku-dan uzaqlaşan Abbas İbrahimov fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında İdarə Heyəti sədrinin I müavini vəzifəsində davam etmişdir. 14.03.2018-ci il tarixindən Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Abbas İbrahimova həvalə edilib.