2017-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı nəzarət tədbiri aparıb.
Bu, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə aparılan maliyyə nəzarəti tədbirlərinin nəticələri haqqında məlumatda öz əksini tapıb.
"2017-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri tərəfindən külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı istintaqı aparılan cinayət işi ilə əlaqədar “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı aparılan nəzarət tədbirləri yekunlaşdırılıb", - deyə məlumatda vurğulanıb.
Məlumatda bildirilib ki, aşkar edilən nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib.