Ölkənin ən böyük bankı – Azərbaycan Beynəlxalq Bankının (ABB) kredit ayırdığı sahələr açıqlanıb.
FED.az ABB-nin 2019-cu ilin sonuna olan hesabatına istinadən xəbər verir ki, Beynəlxalq Bankın kredit portfeli 2 milyard 375 milyon manata çatıb. Bu göstərici 2018-ci illə müqayisədə 451 milyon 951 min manat və ya 23,5% çoxdur. 2018-in sonunda ABB-nin kredit portfeli 1 milyard 924 milyon manat idi.
Azərbaycan Beynəlxalq Bankının kreditlərinin böyük hissəsi biznes sektoruna yönəlib. 2019-cu ildə bank biznes sahəsinə 1 milyard 252 milyon manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 225 milyon 411 min manat və ya 21,9% çoxdur. 2018-ci ildə bankın biznes kredit portfeli 1 milyard 026 milyon manat idi.
Nəticədə ABB-nin kredit portfelində baş verən 452 milyon manatlıq artımın böyük hissəsi - 226 milyon manatı biznes sektorunun payına düşüb.
Bankın kredit ayırdığı sahələr arasında ikinci prioritet sahə daşınmaz əmlak olub. Belə ki, ABB 2019-cu ildə qeyd edilən sahəyə 615 milyon 047 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 39 milyon 769 min manat və ya 6,9% çoxdur. 2018-ci ildə bank bu sahəyə 575 milyon 278 min manat kredit verib.
Bankın ötən il istehlak kreditlərinin həcmi 508 milyon 754 min manat təşkil edib ki, bu göstərici də 2018-ci illə müqayisədə 186 milyon 771 min manat və ya 58% çoxdur. Belə ki, 2018-ci ildə bank istehlak məqsədi ilə 321 milyon 981 min manat kredit verib.
Nəticədə ABB-nin kredit portfelində baş verən 452 milyon manatlıq artımın böyük hissəsi - 226 milyon manatı biznes sektorunun payına düşüb.